Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir
Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir baş tutub. Tədbir, Azərbaycan Respublikasının Dövlət Himininin səslənməsi və Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin moderatoru Mədinə Rüstəmova Xocalı faciəsinin dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymasından və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş silsilə kütləvi qırğın aktlarından biri olmasından danışıb.
Sonra Coğrafiya fakültəsinin dekanı dosent Şəkər Məmmədova çıxış edərək faciənin qısa tarixi, yaddaşlarda buraxdığı izlər, ermənilərin məkrli niyyəti və Vətən müharibəsində əldə olunan şanlı zəfərdən bəhs edib. Tarix fakültəsinin professoru Sevda Süleymanova, çıxışı zamanı ermənilərin Qafqaza yerləşdirilməsi, azərbaycanlılara qarşı törədilən qətliamlar, Xocalı soyqırımı zamanı igidliklə şəhərin müdafiəsi üçün çalışmış milli qəhrəmanlar Əlif Hacıyev və Tofiq Hüseynovdan söz açıb. Sonra BDU THİK sədri Hacıbaba Mustafayev törədilən qətliamların beynəlxalq insan hüquqlarına zidd olmasından, soyqırımın gənc nəsil və tələbələrə tanıdılmasından söz açaraq mənfur düşmənin hələ də öz xislətindən əl çəkmədiyini vurğulayıb. Geodeziya və kartoqrafiya kafedrasının müdiri professor Məqsəd Qocamanov çıxışı zamanı işğal dövrünün və bu günün reallıqlarını müqayisəli təhlil edərək son illərdə ölkəmizdə yeni ordu quruculuğuna, peşəkar əsgər-zabit heyətinin hazırlanmasına yönəlmiş siyasəti, həmçinin diplomatik sahədə əldə olunan uğurları qeyd edib.
Daha sonra tələbələrdən Nazilə Əsgərova Xocalı faciəsi və baş verən qətliamlar, Leyla Şıxıyeva isə Xocalı faciəsinə beynəlxalq müstəvidə hüquqi-siyasi qiymətin verilməsi barədə məruzə ilə çıxış ediblər. Sonra Amil Məmmədovun tarda müşaiyəti ilə Ziba Həsənova və Nurlan İbrahimxəlilov Xocalı soyqırımı ilə bağlı şeirlər, Zəki Kərimli isə Albert Aqarunovun ölməz ruhuna həsr etdiyi rep parçasını səsləndirib. Sonra Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılması məqsədi ilə xarici dillərdə təbliğatın önəmi vurğulanıb, Ayla Həsənzadə və İlkanə Qasımova tərəfindən ingilis və rus dillərində Xocalı faciəsi barədə məlumatlar məruzə edilib.
Tədbir, Amil Məmmədovun tarda Qarabağ şikəstəsi ifası ilə yekunlaşıb.