Coğrafiya fakültəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Dövlət idarəçilik sistemində inzibati orqanların coğrafiyası və onların konstitusion səlahiyyətləri” mövzusunda elmi seminar keçirilib. Seminarı açıq elan edən Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov çıxış edərək bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsi və suverenlik prinsiplərinin mahiyyəti və qorunmasında və mühüm əhəmiyyət kəsb edir. O, konstitusiyanın dövlətin müstəqilliyini və suverenliyini gücləndirən ən əsas hüquqi sənəd olduğunu, il ərzində həyata keçirilən islahatların ölkəmizin siyasi və hüquqi inkişafına yeni təkan verəcəyini bildirib.
Fakültə Elmi seminarının sədri, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağıyev çıxış edərək bildirib ki, müasir dövrdə dövlət idarəçiliyi sisteminin coğrafi quruluşunun və inzibati orqanların məkan təşkilinin elmi təhlili ölkənin regional idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir və bugünki seminarın məruzəçisi hüquq elmləri üzrə fəlsəfə doktoru Qəzənfər Kərimovun konstitusiya və bələdiyyə hüququ sahəsində ixtisaslaşmış alim olduğunu və eyni zamanda dövlət idarəçilik sistemində inzibati orqanların fəaliyyətinin təşkili ilə bağlı elmi araşdırmalar apardığını seminar iştirakçılarının nəzərinə çatdırıb.
Məruzəçi Qəzənfər Kərimov çıxışının əvvəlində dövlət idarəçiliyində inzibati orqanların formalaşma prinsiplərini, onların ərazi-təşkilati strukturunu və konstitusion səlahiyyətlərinin regionlar üzrə bölgüsünü izah edib. Aparılan tədqiqatlarda Azərbaycan Respublikasının Konstitusiyası və “İnzibati ərazi bölgüsü haqqında” qanun əsasında dövlət orqanlarının hüquqi statusu, yerli icra hakimiyyətlərinin səlahiyyətləri üzrə normativ hüquqi tənzimləmə mexanizmlərinin müəyyən olunduğu vurğulanıb. Qəzənfər Kərimov inzibati ərazi bölgüsü anlayışının təkamülünü, dövlət orqanlarının mərkəzi və yerli səviyyədə funksional ixtisaslaşmasını, regional idarəetmə modellərinin coğrafi fərqlərini və qərarvermə prosesinə təsir edən institusional xüsusiyyətləri təhlil edib.