Coğrafiya fakültəsində Xəzərsahili landşaftların transformasiyasına həsr olunmuş elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin növbəti elmi seminarında Fiziki coğrafiya kafedrasının dissertantı Günay Abbasovanın “Xəzərsahili ərazilərdə landşaftların transformasiyasına antropogen amillərin təsirinin tədqiqi (Lənkəran fiziki-coğrafi rayonu timsalında)” mövzusunda məruzəsi dinlənilib. Seminarı açıq elan edən Hidrometeorologiya kafedrasının müdiri, dosent İradə Əliyeva müasir dövrdə Xəzərsahili ərazilərdə landşaftların antropogen təsirlər nəticəsində sürətlə dəyişdiyini, bu dəyişikliklərin tədqiq edilməsinin ekoloji təhlükəsizlik, dayanıqlı inkişaf və sahilyanı təsərrüfat fəaliyyətinin planlaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və Günay Abbasovanın Xəzərsahili landşaftların təsnifatı, onların transformasiya mərhələləri, əsas antropogen təsir amilləri və bu proseslərin tədqiqi istiqamətində elmi araşdırmalar apardığını seminar iştirakçılarının nəzərinə çatdırıb.
Məruzəçi Günay Abbasova Lənkəran fiziki-coğrafi rayonunun təbii şəraitini – iqlim xüsusiyyətlərini, relyef və hipsometrik quruluşu, hidroqrafiya şəbəkəsini, torpaq-bitki örtüyünü və landşaft müxtəlifliyini xarakterizə edib. Aparılan tədqiqatlarda sahilyanı zolaqda subtropik şərait, sıx məskunlaşma və intensiv təsərrüfat fəaliyyəti landşaftların transformasiyasını sürətləndirən əsas amillər kimi müəyyən olunması qeyd olunub. Günay Abbasova aparılmış tədqiqat əsasında landşaftların transformasiya səviyyəsinə görə zonalaşdırma xəritəsinin tərtib edildiyini, yüksək, orta və nisbətən zəif transformasiyaya məruz qalan sahələrin ayrıldığını qeyd edib və zonalaşdırma əsasında ekoloji risk səviyyəsinin qiymətləndirilməsi, sahilyanı ekosistemlərin dayanıqlığı və rekreasiya tutumu barədə ilkin nəticələri təqdim edib.
Seminarda professorlar: Çingiz İsmayılov, Yaqub Qəribov, coğrafiya elmləri doktoru Şəkər Məmmədova, dosent Ramiz Əhlimanov, coğrafiya üzrə fəlsəfə doktoru Ləman Həsənəliyeva, baş müəllim Mübariz Orucov və başqaları məruzə ətrafında sual-cavablarla yanaşı, tədqiqat mövzusunun aktual, metodiki yanaşmanın isə innovativ olduğunu vurğulayıblar, bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsini tövsiyyə ediblər.