Coğrafiya fakültəsində dağ-mədən sənayesinin yaratdığı ekoloji problemlər tədqiq olunur

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Daşkəsən inzibati rayonu ərazisində dağ-mədən sənayesinin yaratdığı ekoloji problemlərin CİS texnologiyası ilə tədqiqi” mövzusunda elmi seminar keçirilib. Seminarı açıq elan edən Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov təbii ehtiyatlardan səmərəli istifadə, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf məsələlərinə diqqət çəkərək bu istiqamətdə tədqiqatların aparılmasının əhəmiyyətini vurğulayıb və Geodeziya və kartoqrafiya kafedrasının müəllimi İlhamə Qəribovanın Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi istiqamətində müxtəlif səpkili tədqiqat işlərinin müəllifi olduğunu və eyni zamanda dağ-mədən sənayesinin yaratdığı ekoloji problemlərin öyrənilməsi ilə bağlı tədqiqatlar apardığını seminar iştirakçılarının nəzərinə çatdırıb.
Məruzəçi İlhamə Qəribova Daşkəsən inzibati rayonu ərazisində dağ-mədən sənayesinin inkişaf mərhələləri, əsas istismar olunmuş və istismar olunan yataqlar və mədən sahələri, onların ətraf mühitə təsir istiqamətləri (torpaq-birki örtüyünün pozulması, meşələrin transformasiyası, səth və yeraltı suların çirklənməsi və s.) haqqında məlumatlar verib. Aparılan tədqiqatlarda aerokosmik şəkillər, topoqrafik xəritələr və sahə müşahidələri əsasında CİS mühitində məkan verilənlər bazası formalaşdırılmış, antropogen təsir zonaları xəritələşdirilmiş, ekoloji risk səviyyəsinə görə ərazi zonalaşdırılmış, dağ-mədən sənayesinin yaratdığı ekoloji problemlərin sosial-iqtisadi nəticələri, yaşayış məntəqələrinə və infrastruktur obyektlərinə təsiri, eləcə də reabilitasiya və rekultivasiya tədbirləri üçün CİS texnologiyalarının tətbiq imkanları haqqında tövsiyyələr səsləndirib.
Seminarda professorlar: Çingiz İsmayılov, Aydın İbrahimov, coğrafiya elmləri doktoru Mehman Mehbaliyev, dosentlər: Ramiz Əhlimanov, Əfqan Talıbov, İradə Əliyeva, Ələkbər Həsənəliyev, Ülviyyə İsmayılova və başqaları məruzə ətrafında sual-cavablarla yanaşı, tədqiqat mövzusunun aktual, metodiki yanaşmanın isə innovativ olduğunu vurğulayıblar, bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsini tövsiyyə ediblər.