Ana harayı abidəsi ziyarət olunub
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımı aktı bəşəriyyət tarixinə XX yüz ilin qanlı faciəsi kimi yazılmışdır. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Azərbaycan tarixinin qanlı səhifəsi olan Xocalı faciəsi Bakı Dövlət Universitetinin (BDU) kollektivi tərəfindən də ehtiramla yad edilir. Coğrafiya fakültəsinin bir qrup müəllim və tələbə heyəti Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış Ana harayı abidəsini ziyarət ediblər. Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov 26 fevral 1992-ci ildə baş verən hadisələrdən söz açaraq Xocalı soyqırımının bütün insanlığa və bəşəriyyətə yönəlmiş ən ağır cinayətlərdən olduğunu qeyd edib. Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə tanıdılmasında tələbə və gənclərin mühüm rol aldığını vurğulayan Q. Məmmədov bu sahədə ölkədə və dünya miqyasında həyata keçirilən layihələrə diqqət çəkib.
Ziyarət zamanı Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müəllimin Eltac Cəbiyev, fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Sadıq Novruzov və Tələbə Elmi Cəmiyyətinin sədri İmran Bayramov xalqımıza qarşı törədilmiş hərbi-siyasi cinayətlər, faciəyə Ulu öndər Heydər Əliyev tərəfindən ilk dəfə hüquqi-siyasi qiymət verilməsi və Vətən müharibəsində qazanılan şanlı zəfərdən söz açıblar.