“Bir millət-iki dövlət” adlı təbdir
Bakı Dövlət Universiteti Coğrafiya fakültəsində Tələbə Gənclər Təşkilatı ilə birgə qardaş Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibəti ilə “Bir millət-iki dövlət” adlı təbdir keçirilib.
Tədbirdə Coğrafiya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnlərinin səsləndirilməsi ilə başlanan tədbirdə Respubikamızın və qardaş ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Coğrafiya fakültənin dekanı, professor Məqsəd Qocamanov tədbir iştirakçılarını salamlayaraq Azərbaycan-Türkiyə qardaşlığının tarixi köklərindən danışdı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış isti və etibarlı münasibətləri bir daha tədbir iştirakçılarının nəzərinə çatdırdı. Professor Məqsəd Qocamanov qeyd etdi ki, Cümhuriyyətin ilk illəri Türkiyə tarixinin çətin dövrü olub. Yeni dövlət quruluşunu qəbul etmək istəməyən qüvvələr ölkənin müxtəlif yerlərində təxribat və iğtişaşlar törədirdi. Bununla belə, Mustafa Kamal ölkənin bölünməzliyini və möhkəmlənməsini təmin etdi. Vətən qarşısında böyük xidmətlərinə görə 1932-ci ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Mustafa Kamala “Atatürk” adı verilib.
Tədbirdə çıxış üçün söz alan Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, uzun illər qardaş Türkiyə Cümhuriyyətinin müxtəlif universitetlərində akademik fəaliyyət göstərmiş professor Aydın İbrahimov Osmanlı imperiyasının tarixindən, Türkiyə Cümhuriyyətinin yaradılmasından bu günümüzə qədər baş vermiş tarixi hadisələr və faktlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. O, qeyd etdi ki, Türkiyə Cümhuriyyətinin qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Cümhuriyyətinin yaradılması Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir. Birinci Dünya müharibəsində Osmanlı dövləti məğlubiyyətə uğradıldıqdan sonra ərazisi işğala məruz qaldı. O zaman Mustafa Kamal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatdı. 1920-ci il aprelin 23-də Ankarada Böyük Millət Məclisi quruldu, 1922-ci il noyabr ayının 1-də Osmanlı dövlətinin fəaliyyətinin dayandırıldığı və 1923-cü ildən Türkiyə parlament idarəsi üsulu ilə idarə ediləcəyi bəyan edildi. Türkiyə Respublikası 2018-ci ildən prezident idarəetmə üsuluna keçib.
Tədbirdə həmçinin Mustafa Kamal Atatürkün həyatı və fəaliyyəti, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkələrimizin qardaşlığı haqqında dəyərli fikirlərini özündə əks etdirən videoçarx nümayiş etdirildi. Tədbir öncəsi bir qrup müəllim-tələbə heyəti Şəhidlər Xiyabanını və 1918-ci il 15 sentyabr tarixində Bakının işğaldan azad olunması uğrunda canından keçən türk şəhidlərinin əziz xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş və orada hazırlanmış videoçarx nümayiş etdirildi.