Şuşa Qarabağın tacıdır
Bakı Dövlət Universiteti (BDU) Coğrafiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Şuşa Qarabağın tacıdır" adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixinə ən şanlı səhifə kimi daxil olduğunu, 2020-ci il noyabrın 8-də tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsinin müharibənin sonrakı gedişinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldığını bildirib.
Geodeziya və kartoqrafiya kafedrasının müdiri, professor Məqsəd Qocamanov Şuşa şəhərinin xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkan olduğunu və bu şəhərə olan sevginin, bağlılığın hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olduğunu qeyd edib.
Tədbirin bədii hissəsində Coğrafiya fakültəsinin 1-ci kurs tələbəsi Nazilə Əsgərova məruzəsində Şuşanım milli mədəniyyətimizin, incəsənətimizin beşiyi olmasından, Şuşada keçirilən Xarı Bülbül festivalından danışıb. Coğrafiya fakültəsinin 2-ci kurs tələbələri Leyla Şıxıyeva ve Zəki Kərimli Şuşa haqqında şeirləri, bir qrup tələbə isə xorda "Azərbaycan" və "Ey Vətən" mahnılarını səsləndirib. Daha sonra tələbələrin hazırladığı "Vətən - babaların, dədələrin əmanəti" səhnəciyi təqdim edilib. Coğrafiya fakültəsinin məzunu Elşən Həsənli sazda Ruhani, 2-ci kurs tələbəsi Amil Məmmədov isə tarda Qarabağ mahnısını ifa edib. Tədbirin sonunda Şuşaya həsr edilən videoçarx təqdim edilib