Coğrafiya fakültəsində növbəti elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “Şirvan düzü torpaqlarının problemləri və onların həlli yolları” və “Qarabağ iqtisadi rayonunda urbanizasiya prosesləri və demoqrafik inkişaf problemləri” mövzuları üzrə elmi seminar keçirilib.
Bakı Dövlət Universitetinin Coğrafiya Fakültəsinin “Fiziki coğrafiya” kafedrasının magistrantı Əzizova Aygün “Şirvan düzü torpaqlarının problemləri və onların həlli yolları” mövzusu ilə elmi seminarda bildirib ki, İqlim və bitki örtüyü faktoru torpaq əmələgəlmənin əsas amillərindən biridir. Şirvan düzünü şimaldan əhatələyən Böyük Qafqaz dağları sözü gedən ərazinin iqliminə təsir göstərmiş və burada müxtəlif landşaft növlərinin yayılmasına səbəb olmuşdur. Bu da öz növbəsində bitki örtüyünün düzənlikdə yayılmasına təsirini göstərmişdir.
Şirvan düzünün çox hissəsi boz torpaqlarla örtülüdür. Daha dəqiqliklə açıq boz, tünd sierozem, boz çəmən, yüksək humuslu boz çəmən, orta və az humuslu boz çəmən, boz qəhvəyi, yuyulmuş və karbonatlı çəmən meşə (tuqay), alluvial çəmən, bataqlıq və çəmən bataqlıq, tünd və adi dağ boz qəhvəyi, açıq dağ boz qəhvəyi, tünd şabalıdı və şabalıdı, açıq şabalıdı və s. torpaqlar yayılmışdır
“Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası” kafedrasının magistrantı Qasımzadə Xuraman fakültənin elmi seminarında Qarabağ iqtisadi rayonunda urbanizasiya prosesləri və demoqrafik inkişaf problemlərindən danışıb. X. Qasımzadə seminar mövzusuna uyğun olaraq məlumat verib ki, Qarabağ iqtisadi rayonunda şəhər məskunlaşmasının geodemoqrafik şəraiti və inkişafının nizamlanması ölkədə aparılan dayanıqlı sosial-iqtisadi siyasətin müəyyən hissəsini təşkil edir. Regionda istehsalın və əhalinin daha səmərəli ərazi təşkili üçün şəhərlərin demoqrafik şəraitinin öyrənilməsi zərurliliyi ortaya çıxır. Geodemoqrafik şərait əhalinin təbii hərəkəti, onun strukturu və yerləşdirilməsi qanunauyğunluqlarını əks etdirir. Hazırda Qarabağ iqtisadi rayonunda əhalinin çox hissəsi, sənaye və sosial-iqtisadi potensialın böyük hissəsi şəhər məntəqələrində cəmləşir. İqtisadi rayonun bir çox hissəsi 1993-2020-ci illər arasında Ermənistan silahlı qüvvələrinin işğalı altında olmuşdur. Bu səbəbdən iqtisadi rayonun urbanizasiya, həmçinin demoqrafik problemləri mövcuddur. Regionun əhalisi xüsusi çəkisinə görə ölkə üzrə 3-cü yer tutsa da, son 20 ildə ölkənin şəhər əhalisnin payı az olmuşdur. Buna səbəb ərazinin bir hissəsinin işğal altında olması idi. Şəhər məntəqələrinin demoqrafik inkişafında qarşıua çıxan problemlərin həlli üçün elmi təhlillərin aparılması və onların nəticələrinə görə dövlət səviyyəsində tədbirlər planının hazırlanması olduqca zəruridir.
Bu problemləri ardan qaldırmaq üçün müxtəlif üsullardan istifadə olunur. Elmi seminarda sözü gedən problemlərdən və həlli yollarından bəhs olunub
Elmi seminarın sonunda auditoriya iştirakçılarının sualları cavablandırlıb.