Coğrafiya fakültəsində “İxtisasdan-Karyeraya” mövzusunda seminar keçirilib

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Turizm işinin təşkili ixtisası tələbələri üçün “İxtisasdan-Karyeraya” mövzusunda seminar keçirilib.
Seminarda Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının dosenti Vüqar Dərgahov və “Dinamo Hotel Baku” hotelinin Assistant Front Office Manager-i İsgəndər Məmmədli çıxış edərək, turizm sahəsində peşəkar bilik və bacarıqların formalaşdırılmasının, eləcə də müasir tendensiyalarının öyrənilməsinin əhəmiyyətini qeyd ediblər, turizmin aktual istiqamətləri, dayanıqlı turizm və yerli turizm potensialının inkişafı mövzularında müzakirələr aparılıb, turizm sahəsində ixtisaslaşan mütəxəssislərin gələcək fəaliyyətləri və karyera planları ilə bağlı faydalı tövsiyyələr veriblər.
İsgəndər Məmmədli çıxışı zamanı hotel idarəçiliyinin təşkili, ön ofis xidmətinin fəaliyyət istiqamətləri, qonaqlarla düzgün ünsiyyətin qurulması və müştəri məmnuniyyətinin təmin olunmasının əhəmiyyətini tələbələrin diqqətinə çatdırıb. Eyni zamanda, turizm və hotelçilik sahəsində uğurlu karyera qurmaq üçün zəruri olan peşəkar bilik və bacarıqlar, praktiki təcrübənin rolu, komanda ilə işləmək qabiliyyəti və xidmət keyfiyyətinin qorunması kimi məsələlərdən bəhs edilib.
Müzakirələrlə davam edən tədbirdə qeyd olunub ki, seminarın əsas məqsədi “Turizm işinin təşkili” ixtisasında təhsil alan tələbələrin ixtisaslarına marağını artırmaq, onları turizm sahəsində peşəkar inkişaf və karyera imkanları barədə maarifləndirmək, həmçinin, gələcək fəaliyyətlərində düzgün istiqamət seçmələrinə dəstək göstərməkdir.
Tədbirin sonunda tələbələrin iştirakı ilə interaktiv sual-cavab sessiyası təşkil olunub, onları maraqlandıran suallar cavablandırılıb, hotelçilik və turizm sahəsi, eləcə də gələcək karyera imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.