Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “Aralıq dənizində antropogen təsirlər və çirklənmə” mövzusunda elmi seminar keçirilib
-lg.jpg)
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə “Aralıq dənizində antropogen təsirlər və çirklənmə” mövzusunda elmi seminar keçirilib.
Seminarın məqsədi tələbələri Aralıq dənizində antropogen fəaliyyətin yaratdığı ekoloji problemlər, dəniz mühitinin çirklənmə səbəbləri və onların ətraf mühitə təsirləri barədə məlumatlandırmaq, həmçinin ekoloji problemlərin həllinə dair elmi düşüncə və müzakirə bacarıqlarını inkişaf etdirmək olub.
Seminarda çıxış edən BDU Coğrafiya fakültəsinin Coğrafiya ixtisası üzrə II kurs tələbəsi Nuran Bənnayev Aralıq dənizinin çirklənməsinə səbəb olan əsas antropogen amillər, sənaye və məişət tullantılarının dəniz ekosisteminə təsiri, plastik çirklənmə, evtrofikasiya və bu proseslərin ekoloji, sosial və iqtisadi nəticələri haqqında məlumat verib. Eyni zamanda, dəniz mühitinin mühafizəsi, çirklənmənin qarşısının alınması və mövcud problemlərin aradan qaldırılması istiqamətində mümkün həll yollarından danışılıb.
Müzakirə şəraitində keçən seminar zamanı tələbələr mövzu ilə bağlı fikirlərini bölüşüb, Aralıq dənizində ekoloji vəziyyətin yaxşılaşdırılması və dəniz ekosistemlərinin qorunması istiqamətində təkliflərini səsləndiriblər.