BDU-nun müəllim və tələbələri Şamaxıda turizm məhsulunun hazırlanması üzrə praktik dərsdə iştirak ediblər

2026-cı il oktyabrın 18-də Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müəllim heyəti və “Turizm işinin təşkili” ixtisasının ingilis bölməsi üzrə III və IV kurs tələbələrinin iştirakı ilə Şamaxı rayonuna tədris infoturu təşkil olunub.
“Turizm məhsulunun hazırlanması” fənni üzrə praktik dərs çərçivəsində keçirilən səfərin məqsədi tələbələrin nəzəri biliklərini praktikada tətbiq etməsi, tur paketinin hazırlanması və həyata keçirilməsi prosesində təcrübə qazanması olub. İnfoturun tur paketi ixtisasın IV kurs tələbəsi Mirzəli Məhəmməd tərəfindən hazırlanıb və səfər onun təşkilatçılığı ilə həyata keçirilib.
Proqram çərçivəsində iştirakçılar Pirqulu ərazisinə, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına, Dəmirçi Arxeologiya Muzeyinə, Dəmirçi kənd məscidinə və Kələxana türbələr kompleksinə səfər ediblər. Ziyarət olunan məkanlarda tələbələrə ətraflı məlumat verilib, ərazinin təbii, tarixi-mədəni və elmi turizm resursları ilə yerində tanışlıq imkanı yaradılıb.
Səfər boyunca tələbələr də infotur iştirakçılarına — müəllim və tələbə heyətinə marşrut üzərindəki məkanlar, eləcə də Şamaxının tarixi-mədəni irsi haqqında məlumat verərək bələdçilik və təqdimat bacarıqlarını praktikada tətbiq ediblər.
Praktik dərs tələbələrə turizm marşrutunun qurulması, səfər proqramının hazırlanması, vaxtın planlaşdırılması və turizm xidmətlərinin əlaqələndirilməsi proseslərini real şəraitdə müşahidə etmək imkanı verib. Eyni zamanda, turizm resurslarının vahid tur paketi daxilində təqdim olunması və turist təcrübəsinin formalaşdırılması üzrə bilik və bacarıqlarını möhkəmləndirib.
İnfotur tələbə təşəbbüsünün dəstəklənməsi, təşkilatçılıq bacarıqlarının inkişaf etdirilməsi və tədrisin praktik fəaliyyətlə əlaqələndirilməsi baxımından əhəmiyyətli təcrübə olub.