BDU Coğrafiya fakültəsində “GeoScholar” layihəsinin ilk təlimi keçirilib

BDU Coğrafiya fakültəsində “GeoScholar” layihəsinin ilk təlimi keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə “GeoScholar: Tələbələr üçün akademik yazının əsasları” adlı təlim keçirilib.
Təlimin məqsədi tələbələrin akademik yazı bacarıqlarının inkişaf etdirilməsi, elmi mətnlərin hazırlanması haqqında ilkin biliklərinin artırılması və onların elmi fəaliyyətə marağının təşviq edilməsindən ibarət olub.
Təlimdə filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Abdurəhmanova iştirak edərək akademik yazının əsas prinsipləri, elmi mətnlərin hazırlanma qaydaları, fikirlərin məntiqi və ardıcıl ifadəsi, akademik üslubun xüsusiyyətləri və elmi yazıda diqqət yetirilməli məqamlar haqqında məlumat verib. Müzakirə əsaslı keçən təlimin sonunda tələbələr təlim haqqında öz fikirlərini qeyd ediblər.
Qeyd edək ki, “GeoScholar” layihəsi Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin tələbələrin akademik və elmi potensialının inkişafına yönəlmiş təşəbbüslərindən biridir. Layihənin gələcək mərhələlərində də tələbələrin elmi tədqiqat, akademik yazı və şəxsi inkişaf bacarıqlarının gücləndirilməsinə xidmət edən müxtəlif təlim və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur.