“Müstəqillik İrsi və Milli Kimliyimiz” adlı tədbir keçirilib

“Müstəqillik İrsi və Milli Kimliyimiz” adlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi rəhbərliyi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqillik İrsi və Milli Kimliyimiz” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov açılış nitqi ilə çıxış edib. O, 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün Azərbaycan xalqının tarixində mühüm yer tutduğunu vurğulayaraq, dövlət müstəqilliyinin xalqımızın azadlıq iradəsinin və milli özünüdərkinin təcəssümü olduğunu qeyd edib. Dekan müstəqilliyin əldə edilməsinin uzun və mürəkkəb tarixi prosesin nəticəsi olduğunu diqqətə çatdıraraq, onun qorunmasının və möhkəmləndirilməsinin hər bir vətəndaşın məsuliyyəti olduğunu bildirib. O, həmçinin milli kimliyin, tarixi yaddaşın və mənəvi dəyərlərin qorunmasının əhəmiyyətindən bəhs edib, gənc nəslin dövlətçilik ənənələrinə sadiq ruhda yetişməsinin vacibliyini vurğulayıb. Çıxışında tələbələrin ölkənin gələcəyinin formalaşmasında mühüm rol oynadığını qeyd edən dekan onları milli-mənəvi dəyərlərə bağlı olmağa, tariximizi dərindən öyrənməyə və Azərbaycanın inkişafına töhfə verməyə çağırıb.
Ardınca İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov çıxış edərək Azərbaycanın müstəqillik tarixinin siyasi, iqtisadi və sosial əhəmiyyətindən bəhs edib. O, dövlət müstəqilliyinin ölkənin inkişafı, beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi və milli maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Professor müstəqilliyin yaratdığı imkanların düzgün qiymətləndirilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası kafedrasının müdiri, professor Aydın İbrahimov çıxışında milli kimliyin qorunması, tarixi irsin yaşadılması və müstəqil dövlətçilik ənənələrinin davam etdirilməsi məsələlərinə toxunub. O, müasir dövrdə gənclərin milli dəyərlərə sahib çıxmasının, ölkəmizin tarixini və beynəlxalq mövqeyini dərindən öyrənməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirin sonunda bədii hissə təqdim olunub. Bədii proqramda səsləndirilən təqdimatlar tədbirin ideya və məzmununu tamamlayaraq iştirakçılara vətənpərvərlik, milli birlik və müstəqillik ruhunu aşılayıb.
Tədbir iştirakçılarda Azərbaycanın müstəqillik tarixinə, milli-mənəvi dəyərlərinə və dövlətçilik irsinə hörmət hissinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyıb.