Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Gələcəyin müəllimi” adlı seminar keçirilib

Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Gələcəyin müəllimi” adlı seminar keçirilib
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələrin peşəkar inkişafına, pedaqoji bilik və bacarıqlarının formalaşdırılmasına həsr olunmuş “Gələcəyin müəllimi” adlı seminar keçirilib.
Seminarın əsas məqsədi gələcək müəllimlərin seçdikləri ixtisas haqqında məlumatlılığını artırmaq, onların ünsiyyət, komanda işi və problem həll etmə bacarıqlarını inkişaf etdirmək, eləcə də pedaqoji fəaliyyət zamanı qarşılaşa biləcəkləri çətinliklərə hazırlıqlı olmalarına dəstək göstərmək olub.
Tədbirin ilk hissəsində iştirakçılarla müəllimlik ixtisası, bu sahənin yaratdığı imkanlar və gələcək karyera perspektivləri haqqında müzakirələr aparılıb. Tələbələr seçdikləri ixtisasın üstünlükləri, peşəkar inkişaf imkanları və müəllimlik fəaliyyətinin əhəmiyyəti barədə fikir mübadiləsi ediblər.
Seminarın növbəti mərhələsində iştirakçılar arasında interaktiv “Taboo” oyunu təşkil olunub. Əvvəlcədən hazırlanmış kartlarda qeyd edilən sözləri həmin sözləri birbaşa səsləndirmədən izah etməyə çalışan iştirakçılar həm əyləncəli vaxt keçirib, həm də ünsiyyət, yaradıcı düşünmə və fikri düzgün ifadə etmə bacarıqlarını inkişaf etdiriblər.
Tədbirin son hissəsində isə “Müəllimlərin real problemləri” adlı qrup işi həyata keçirilib. İştirakçılara müəllimlərin sinif mühitində qarşılaşa biləcəkləri müxtəlif situasiyalar təqdim olunub. Qruplar verilən problemləri təhlil edərək mümkün həll yolları irəli sürüb, öz yanaşmalarını əsaslandırıb və fikir mübadiləsi aparıblar. Bu fəaliyyət tələbələrin analitik düşünmə, qərarvermə və pedaqoji situasiyalara uyğun həll yolları tapmaq bacarıqlarının inkişafına töhfə verib.
İnteraktiv və maarifləndirici formatda təşkil olunan seminar tələbələrin gələcək peşələrinə daha yaxından nəzər salmalarına, nəzəri biliklərini praktik yanaşmalarla əlaqələndirmələrinə və müəllimlik fəaliyyətinə hazırlıq baxımından yeni təcrübə qazanmalarına şərait yaradıb.