31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
Bakı Dövlət Universitetində (BDU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.
Əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Dövlət Televiziyasının hazırladığı “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” sənədli filmi nümayiş olunub.
Konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan tarixinə faciəli səhifələrdən biri kimi daxil olan Mart soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlərdəndir. 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin törətdiyi bu vandalizm aktlarında on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib. Yüzlərlə şəhər və kəndimiz, milli memarlıq incilərimiz, məktəblər, xəstəxanalar, məscid və digər abidələrimiz dağıdılıb, Bakının böyük bir hissəsi xarabalığa çevrilib. Mart qırğınlarında 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilib. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd dağıdılıb, əhalisi misli görünməmiş amansızlıqla öldürülüb.
Rektor qeyd edib ki, bu dəhşətli soyqırım aktına yalnız Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra, Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 1918-ci il soyqırımı ilə bağlı genişmiqyaslı araşdırmalar aparılıb. Quba şəhərində azərbaycanlıların kütləvi məzarlığı aşkar olunub, erməni millətçiləri tərəfindən törədilmiş cinayətlərə dair yeni faktlar üzə çıxarılıb. 2013-cü ildə Quba şəhərində Soyqırımı Memorial Kompleksi açılıb. Azərbaycan Prezidenti İlham Əliyev 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalayıb. Ölkə rəhbərliyinin gördüyü tədbirlər 1918-ci ildə erməni silahlı birləşmələri tərəfindən xüsusi amansızlıqla törədilmiş cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılmasında əvəzsiz rol oynayıb.
BDU-nun rektoru Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun 2020-ci ildə həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatının dünya və region üçün təhlükəyə çevrilmiş erməni faşizmini 44 günə darmadağın etdiyini, soydaşlarımızın vəhşicəsinə qətlə yetirilməsində bilavasitə iştirak edən erməni cəlladlarına layiqli cavab verildiyini və qisasımızın döyüş meydanlarında alındığını vurğulayıb: “İndi ölkəmiz üçün yeni dövr başlayıb - quruculuq dövrü. Bu istiqamətdə də biz bütün gücümüzü səfərbər edib, ermənilər tərəfindən dağıdılmış və viran qoyulmuş bütün mədəni və tarixi abidələrimizi bərpa edirik. Bu hadisələrin unudulmaması və tarixi həqiqətlərin araşdırılması, gənc nəsillərə çatdırılması hər kəsin vətəndaşlıq borcudur”.
Daha sonra Milli Məclisin üzvü Arzu Nağıyev, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan, BDU-nun Qafqaz xalqları tarixi kafedrasının professoru Qabil Əliyev, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Ülkər İmaməliyeva, Tarix fakültəsinin doktorantı Nərgiz Kərimova çıxış edərək, ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söz açıb, bu faciənin yaddaşlardan heç zaman silinməyəcəyini bildiriblər. Çıxışlarda erməni faşizmi, azərbaycanlılara qarşı törədilən terror aktları ilə bağlı məlumatların davamlı olaraq gənc nəslə və beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyi qeyd olunub.