BDU Coğrafiya fakültəsinin tələbələri üçün Qobustanda açıq havada dərs keçirilib

BDU Coğrafiya fakültəsinin tələbələri üçün Qobustanda açıq havada dərs keçirilib
Oktyabrın 4-də Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müəllimi Aytən Cəfərovanın rəhbərliyi ilə “Turizm işinin təşkili” ixtisasının ingilis bölməsində təhsil alan I və III kurs tələbələri üçün Qobustanda açıq havada dərs təşkil olunub.
“Turizm ehtiyatları” fənni çərçivəsində keçirilən dərs zamanı tələbələr əvvəlcə Qobustan Milli Tarix-Bədii Qoruğunu, daha sonra isə Palçıq Vulkanları Turizm Kompleksini ziyarət ediblər.
Səfərin əsas məqsədi tələbələrin təbii və mədəni turizm ehtiyatları ilə bağlı nəzəri biliklərini yerində müşahidələr əsasında möhkəmləndirmək olub. Tələbələr qayaüstü təsvirlərin mədəni irs nümunəsi, palçıq vulkanlarının isə təbii turizm ehtiyatı kimi əhəmiyyəti ilə tanış olub, ekspozisiyaların və ziyarətçi infrastrukturunun həmin ehtiyatların turizm məhsuluna və ziyarətçi təcrübəsinə çevrilməsindəki rolunu təhlil ediblər.
Dərs tələbələrə turizm məhsulunun formalaşmasında məkanın, bələdçilik xidmətlərinin və ziyarətçi xidmətlərinin qarşılıqlı əlaqəsini real nümunələr əsasında dəyərləndirmək imkanı yaradıb.