Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Bakı şəhərinin infrastrukturunun tarixi dəyişmələri” mövzusunda maarifləndirici elmi seminar keçirilib.
Seminarın əsas məqsədi Bakı şəhərinin tarixi inkişaf mərhələlərini, infrastrukturunun formalaşması və zamanla keçdiyi dəyişiklikləri araşdırmaq, həmçinin, tələbələrin şəhərsalma və urbanizasiya prosesləri ilə bağlı biliklərini genişləndirmək olub.
Tədbirdə çıxış edən Zəhra Yusubova Bakı şəhərinin tarixi inkişafı, infrastrukturun müxtəlif dövrlərdə keçdiyi transformasiyalar və bu dəyişikliklərin paytaxtın sosial-iqtisadi həyatına təsiri haqqında ətraflı məlumat verib, Bakının müasir simasının formalaşmasında sənayeləşmə proseslərinin, əhalinin artımının, nəqliyyat şəbəkəsinin genişlənməsinin və şəhərsalma yanaşmalarının roluna diqqət yetirilib.
Qeyd olunub ki, Bakı şəhərinin infrastrukturu uzunmüddətli tarixi inkişafın və müxtəlif sosial-iqtisadi proseslərin nəticəsində formalaşıb. Şəhərin nəqliyyat sistemi, yaşayış məntəqələri və ictimai məkanları zamanla dəyişərək paytaxtın bugünkü simasının yaranmasına təsir göstərib. Bu dəyişikliklərin öyrənilməsi şəhərin inkişaf xüsusiyyətlərini anlamaqla yanaşı, gələcək şəhərsalma perspektivlərinin qiymətləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Seminar zamanı həmçinin, tarixi-mədəni irsin qorunması ilə müasir infrastrukturun inkişafı arasında tarazlığın təmin edilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, şəhərin davamlı inkişafı üçün tarixi irsin mühafizəsi, nəqliyyat əlçatanlığının artırılması və ictimai məkanların təkmilləşdirilməsi mühüm istiqamətlərdəndir.
Tədbir tələbələrin coğrafi biliklərinin zənginləşdirilməsi, onların tarixi və müasir şəhər mühitinə daha geniş perspektivdən yanaşmalarının təşviq edilməsi baxımından əhəmiyyətli olub. Bu cür seminarlar tələbələrdə elmi təhlil bacarıqlarının inkişafına və aktual mövzulara marağın artırılmasına töhfə verir.