“Azərbaycan ərazisində leysan şiddətliyinin zaman məkan qanunauyğunluğunun tədqiqi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi
Coğrafiya fakültəsində Hidrometeorologiya kafedrasının dissertantı Aytən rüfət qızı Məhərrəmovanın 5406.01- Hidrologiya ixtisası üzrə “Azərbaycan ərazisində leysan şiddətliyinin zaman məkan qanunauyğunluğunun tədqiqi” mövzusunda fəlsəfə doktoru Elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
İclasa kafedranın müdiri, dosent İmran Abdullayev sədrlik edib. Kafedra müdiri müzakirə iştirakçılarına namizədi təqdim edib, onun elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.
Namizəd işin aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, işin yeniliyi, tədqiqatın nəzəri və metodoloji bazası, eyni zamanda görülən işlər barədə məlumat verib, işin məzmunu ilə iştirakçıları tanış edib.
Şəhərlərin ərazisinin əsas hissəsi suyu keçirməyən örtüyə malik olduğuna görə böyük həcmdə səth suları formalaşır və onların kənarlaşdırılmasında problemlər yaranır. Dağlıq ərazilərdə çaylardan keçən daşqın və sellər bəzən körpüləri uçurur, çay boyu yerləşən yaşayış məntəqələrinə, tikililərə, əkin sahələrinə, fərdi təsərrüfatlara ziyan vurur. İqlim dəyişmələri nəticəsində leysan yağışlar daha tez-tez təkrarlanır, onların şiddətliyi artır. Mövcud iqlim proyeksiyalarına görə yaxın gələcəkdə yağıntıların əsas hissəsi qısamüddətli güclü yağışlar zamanı düşəcəkdir və bu səbəbdən, daşqın və subasma riski daha da artacaqdır.
Hazırda Azərbaycan ərazisində yeni avtomobil və dəmir yolları çəkilir, körpülər inşa edilir, su təchizatı, tullantı və leysan sularının kənarlaşdırılması layihələri yerinə yetirilir. Eyni zamanda daşqın riski olan quraq ərazilərdə günəş və külək elektrik stansiyaları inşa edilir, əkin sahələri genişləndirilir. Bu layihələrin yerinə yetirilməsi üçün çayların, o cümlədən daşqın rejimli kiçik çayların və müvəqqəti su axınlarının maksimal su sərflərinin hesablanması tələb olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının reinteqrasiyası üzrə tədbirlər planı da belə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu tipli infrastruktur tikililərinin etibarlı layihələndirilməsi, onların tikintisi və dayanıqlı istismarını təmin etmək üçün maksimal sutkalıq yağıntılar haqqında məlumatlar və onların ümumiləşdirilməsi tələb olunur.
Son bir neçə onillikdə müşahidə olunan iqlim dəyişmələri maksimal sutkalıq yağıntıların əmələgəlmə şəraitinə təsir göstərdiyinə görə çoxillik sıraların bircinsliyi və stasionarlığı pozulmuşdur. Belə şəraitdə müşahidə sıralarının statistik təhlili fərqli yanaşmalar tələb edir. Bütün bu qeyd olunanlar maksimal sutkalıq yağıntıların tədqiqini zəruri edir.
Daha sonra iddiaçı verilən sualları cavablandırıb. İclasda rəyçilər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi coğrafiya kafedrasının müdiri professor Məhəmməd Abduyevin və “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Rəşail İsmayılovun irad və təklifləri dinlənilib.
İlkin müzakirə Hidrometeorologiya kafedrasının professoru Əsgər Məmmədov, coğrafiya fakültəsinin dekanı professor Məqsəd Qocamanovun çıxış haqqında rəyləri ilə davam edib.
Dissertasiya işi elmi seminarın qərarı ilə növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilmişdir.