Açıq hava turizm fəaliyyətində beynəlxalq təcrübənin öyrənilməsi” mövzusunda elmi seminar
Coğrafiya fakültəsi “Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm” kafedrasının 5402.01 – “Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası” ixtisası üzrə təhsil alan doktorantı və saathesabı müəllimi Hüseyn-zadə Kərim Şamil oğlunun “Açıq hava turizm fəaliyyətində beynəlxalq təcrübənin öyrənilməsi” mövzusunda seminar təşkil olunmuşdur.
Seminarı açılış söz ilə başlayan fakültənin dekanı, dosent Şəkər Məmmədova bütün iştirakçıları salamlamış, elmi seminara təqdim olunan “Açıq hava turizm fəaliyyətində beynəlxalq təcrübənin öyrənilməsi” mövzusunu təqdim etmiş və məruzəçinin yüksək səviyyədə elmi hazırlığının olduğunu qeyd etmişdir. Beləki məruzəçi 2019-cu ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin “Turizm və otelçilik” ixtisası üzrə magistratura pilləsini fakültə birincisi olaraq fərqlənmə diplomu ilə bitirdiyini, təhsil aldığı müddət ərzində “Mevlana” proqramı çərçivəsində Türkiyə Respublikasının Ali Təhsil Nazirliyinin tam təqaüdünə layiq görülərək Kastamonu Universitetinin “Turizm və otel menecmenti” magistr proqramında müəyyən müddət təhsili aldığını və fərqlənmə diplomuna layiq görüldüyünü, eyni zamanda hal-hazırda doktorantura təhsili müddətində Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində Antalya şəhərinin Alanya turizm bölgəsində elmi-praktik fəaliyyətlə məşğul olduğunu seminar iştirakçılarının nəzərinə çatdırmışdır.
Daha sonra söz məruzəçiyə verilmişdir. Hüseyn-zadə Kərim Şamil oğlu məruzədə mövzunun aktuallığını, açıq hava turizm növlərinin xüsusiyyətlərini, əhəmiyyətini qeyd edərək bu turizm fəaliyyətlərində iştiraka təsir edən amilləri, tələbin qiymətləndirilməsini, Covid-19-un beynəlxalq turizm bazarına təsirini, həmçinin müxtəlif statistik mənbələrdən əldə edilən statistik məlumat və qrafiklərin nəticələri haqqında geniş məlumatlar verilmişdir. Azərbaycanda açıq hava turizm fəaliyyətlərinin inkişaf üsullarının müəyyənləşdirilməsi, onların elmi-nəzəri və praktiki əhəmiyyəti haqqında təklif və tövsiyyələr vermişdir.
Sonda məruzəçi professor Yaqub Qəribov, dosent Şəkər Məmmədova, dosent Həbibə Soltanova, c.ü.f.d. Səbuhi Talıbov, c.e.n. Vüqar Dərgahov, dosent Asəf Cərullayev və başqalarının sullarını cavablandırmış, alimlər məruzəçiyə məsləhətlərini vermişlər.