Coğrafiya fakültəsində ərzaq təhlükəsizliyi problemləri ilə bağlı elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Azərbaycanın Respublikasının ərzaq təhlükəsizliyi problemləri” mövzusunda elmi seminar keçirilib. Seminarı açıq elan edən Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov müasir dövrdə ərzaq təhlükəsizliyinin təmin olunmasının vacibliyinə diqqət çəkərək bu istiqamətdə tədqiqatların aparılmasının əhəmiyyətini vurğulayıb. Məqsəd Qocamanov İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi, i.ü.f.d Vüqar Kərimli iqtisadi coğrafiya istiqamətində müxtəlif elmi əsərlərin müəllifi olduğunu və eyni zamanda ərzaq təhlükəsizliyinin təmin olunması problemlərinin öyrənilməsi ilə bağlı tədqiqatlar apardığını seminar iştirakçılarının diqqətinə çatdırıb.
Sonra məruzəçi Vüqar Kərimli çıxış edərək müasir dövrdə Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin olunmasında idxal və ixrac balansının tədqiqinin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, son illərdə ərzaq təhlükəsizliyinin təmin olunmasında istər regional, istərsə də əmtəə strukturu baxımından nəzərəçarpan dəyişikliklər olmuşdur. Məruzəçi Azərbaycanda yaxın və orta perspektivdə ərzaq təhlükəsizliyinin təmin olunması və onun strukturunun dayanıqlı inkişafı ilə bağlı təkliflərini səsləndirib.
Professorlar Çingiz İsmayılov, Aydın İbrahimov, dosentlər Ramiz Əhlimanov, Elxan Nuriyev, İradə Əliyeva, Nərminə Seyfullayeva, coğrafiya üzrə fəlsəfə doktorları Şəfiqə Hümbətova, Qabil Səmədov və başqaları məruzə olunan mövzunun aktuallığını vurğulayıblar və mövzu ətrafında müzakirələrə qoşulublar. Məruzə olunmuş mövzu ətrafında məruzəçiyə suallar ünvanlanıb və həmin suallar cavablandırılıb. Çıxışlarda məruzənin aktuallığına diqqət çəkilərək bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsinin vacibliyi vurğulanıb.