Coğrafiya fakültəsində “Zəfər salnaməsi” adlı tədbir keçirilib

Coğrafiya fakültəsində “Zəfər salnaməsi” adlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin rəhbərliyi və Fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər salnaməsi” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov çıxış edərək 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində ən şərəfli və qürurverici səhifələrdən biri olduğunu vurğulayıb. Bildirilib ki, bu tarixi Qələbə uzun illər xalqımızın qəlbində yaşatdığı torpaqlarımızın işğaldan azad olunması arzusunun gerçəkləşməsi ilə yanaşı, Azərbaycan Ordusunun gücünün, əsgər və zabitlərimizin qəhrəmanlığının və xalqımızın sarsılmaz iradəsinin, birliyinin ifadəsidir.
Professor Məqsəd Qocamanov 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirilən Prezident-xalq–ordu birliyinin və milli həmrəyliyin böyük əhəmiyyət daşıdığını,şəhidlərimizin qəhrəmanlığının, qazilərimizin fədakarlığının, şücaətinin heç vaxt unudulmayacağını xüsusi qeyd edib. Gənclərin Zəfər tariximizi dərindən öyrənməsinin, bu tarixin gələcək nəsillərə çatdırılmasının vacibliyini tələbələrin nəzərinə çatdırıb.
Fiziki coğrafiya kafedrasının müdiri, dosent Ramiz Əhlimanov Zəfər Gününün xalqımız üçün tarixi və mənəvi əhəmiyyətindən danışıb, Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi misilsiz qəhrəmanlığın hər zaman ehtiramla yad ediləcəyini bildirib.
Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Zəhra Yusubova öz çıxışında Vətən müharibəsinin qəhrəmanlıq salnaməsindən, Zəfərin arxasında dayanan böyük fədakarlıqlardan bəhs edib. Eyni zamanda, öz müəllimi, Vətən müharibəsi şəhidi Qoşqar Ömərovun əziz xatirəsini ehtiramla yad edərək, müəlliminin onun həyatında buraxdığı izdən, müəlliminə qarşı duyduğu dərin hörmətdən söz açıb.
Tədbir bədii hissə ilə davam etdirilib, Vətən müharibəsinə və Zəfər tariximizə həsr olunmuş videoçarx nümayiş etdirilib, səhnəcik və şeirlər təqdim edilib. Rəqs və musiqi nömrələrindən ibarət bədii proqram tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
“Zəfər salnaməsi” adlı tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, tələbələrdə vətənpərvərlik hissinin, milli-mənəvi dəyərlərə bağlılığın və Zəfər tariximizə olan marağın gücləndirilməsinə xidmət edib.