BDU-nun Coğrafiya fakültəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş açıq dərs keçirilib

BDU-nun Coğrafiya fakültəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş açıq dərs keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin “Coğrafiya” ixtisası üzrə I kurs, 1314-cü qrupunda Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Pərvin Eyvazovun rəhbərliyi ilə “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş açıq dərs keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov 44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənabİlham Əliyevin qətiyyətli siyasi iradəsinin, beynəlxalq müstəvidə həyata keçirdiyi uğurlu siyasətin və Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığının müstəsna rolunu qeyd edib. Dekan açıq dərsin belə əhəmiyyətli tarixi günə həsr olunmasını yüksək qiymətləndirərək, gənc nəslin milli yaddaş, dövlətçilik düşüncəsi və vətənpərvərlik ruhunda formalaşması baxımından bu cür təşəbbüslərin əhəmiyyətini diqqətə çatdırıb, dərsin təşkilinə görə müəllimə və tələbələrə təşəkkürünü bildirib.
Leyla Xəlilzadənin aparıcılığı ilə davam edən açıq dərsdə tələbələr Zəfər Gününün tarixi-siyasi əhəmiyyətini, Azərbaycanın ərazi bütövlüyünün bərpasını, Qarabağın coğrafi və ekoloji xüsusiyyətlərini müxtəlif aspektlərdən işıqlandırıblar.
Tələbələrdən Nərmin Şəfiyeva, Arzu Cavadova və Əminə Quliyeva mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Onların təqdimatlarında Zəfər Gününün Azərbaycan tarixindəki yeri, Vətən müharibəsinin tarixi nəticələri, Qarabağ bölgəsinin coğrafi mövqeyi, təbii ehtiyatları və ekoloji xüsusiyyətləri əhatə olunub. Xüsusilə işğal dövründə bölgənin təbii mühitinə və ekoloji tarazlığına vurulmuş zərər, işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin bərpası, təbii landşaftların qorunması və ətraf mühitin sağlamlaşdırılması məsələlərinə diqqət yetirilib. Bu baxımdan tələbələrin çıxışları Zəfər mövzusunun yalnız tarixi-siyasi deyil, həm də coğrafi və ekoloji aspektlərdən dərk edilməsinə imkan yaradıb.
Açıq dərsin bədii hissəsində İsmayıl Ömər, Türkay Abbasov, Gülər Ağazadə və Mirxanım Qazıyeva Vətənə məhəbbət, milli birlik, qəhrəmanlıq və Zəfər ruhunu tərənnüm edən şeirlər səsləndiriblər. Tələbələrin ifasında təqdim olunan poetik nümunələrdə şəhidlərin əziz xatirəsinə ehtiram, Azərbaycan əsgərinin igidliyi, xalqımızın sarsılmaz iradəsi və Qarabağın azadlığı ilə bağlı qürur hissləri ifadə olunub. Bədii çıxışlar dərsin emosional-mənəvi təsirini gücləndirməklə yanaşı, iştirakçılarda milli tarixə və mənəvi dəyərlərə bağlılıq duyğularını daha da möhkəmləndirib.
Həmçinin açıq dərs zamanı 8 Noyabr – Zəfər Gününə,Azərbaycan Ordusunun qəhrəmanlığına və Qarabağın azadlığına həsr olunmuş videoçarxlar nümayiş etdirilib.
Coğrafiya fakültəsinin tədris işləri üzrə dekan müavini Eltac Cəbiyev çıxışında 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbəyə aparan şərəfli yoldan, müstəqillik dövründə Azərbaycanın sosial-iqtisadi inkişafı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdən bəhs edib. O, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələrinə, Böyük Qayıdış prosesinin əhəmiyyətinə toxunub. Eltac Cəbiyev Vətən müharibəsi zamanı Azərbaycan hərbçilərinin göstərdiyi misilsiz qəhrəmanlıqdan, eləcə də həmin dövrdə universitetin, o cümlədən Coğrafiya fakültəsinin tələbələrinin arxa cəbhədə nümayiş etdirdikləri fəallıq və vətəndaşlıq mövqeyindən danışıb. O, açıq dərsin təşkilinə görə Pərvin Eyvazova və fəal iştiraklarına görə tələbələrə minnətdarlığını bildirib.
Açıq dərs çərçivəsində tarixi faktların, coğrafi və ekoloji məlumatların, akademik məruzələrin və bədii çıxışların vahid məzmun kontekstində təqdim edilməsi tələbələrin həm fənn üzrə kommunikativ bacarıqlarının, həm də auditoriya qarşısında sərbəst və əsaslandırılmış çıxış etmək vərdişlərinin inkişafına xidmət edib. Tələbələr mövzuya müxtəlif yanaşmalar nümayiş etdirərək akademik təqdimat, şifahi nitq, məruzə və ictimai çıxış bacarıqlarını praktik şəkildə tətbiq ediblər. Tələbələrin çıxışları zamanı mövzunun məzmununu əks etdirən vizual materiallardan istifadə olunması təqdimatların daha əhatəli və təsirli şəkildə çatdırılmasına, tarixi hadisələrin əyani formada canlandırılmasına şərait yaradıb. Videoçarxlar iştirakçılarda Zəfər tariximizə, şəhidlərimizin əziz xatirəsinə və xalqımızın qəhrəmanlıq salnaməsinə dərin ehtiram hisslərini bir daha gücləndirib.