Coğrafiya fakültəsində turizmin inkişafı və gənclər üçün imkanlara dair təlim keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Turizmdə yeni dövr: Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı və gənclər üçün imkanlar” adlı maarifləndirici təlim keçirilib.
Təlimdə turizm eksperti Samir Abdullayev çıxış edərək Azərbaycanda turizm sektorunun mövcud vəziyyəti, inkişaf perspektivləri və gənclər üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verib.
Çıxış zamanı 2026–2030-cu illər üçün Dövlət Proqramının əhəmiyyəti, ölkənin turizm potensialının səmərəli qiymətləndirilməsi və Azərbaycanın beynəlxalq turizm məkanında mövqeyinin gücləndirilməsi məsələlərinə toxunulub. Qeyd edilib ki, turizm iqtisadi inkişafla yanaşı, regionların tanıdılması, milli-mədəni irsin təbliği və yeni iş imkanlarının yaradılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Təlimçi gənclərin turizm sektorunda rolunu vurğulayaraq onların bilik və bacarıqlarını inkişaf etdirməsinin, müasir yenilikləri izləməsinin və gələcək karyera imkanlarını düzgün dəyərləndirməsinin vacibliyini diqqətə çatdırıb.
Təlim tələbələrin turizm sahəsində məlumatlılığının artırılması, onların gələcək peşə fəaliyyətləri üçün yeni perspektivlərlə tanış olması və bu istiqamətdə maraqlarının təşviq edilməsi baxımından əhəmiyyət daşıyır.
BDU Coğrafiya fakültəsi TGT tələbələrin maarifləndirilməsi, şəxsi və peşəkar inkişafının dəstəklənməsi istiqamətində tədbirlərini davam etdirir.