BDU Coğrafiya fakültəsində “Coğrafiyanın izində: Sivilizasiyalar və Memarlıq” mövzusunda tədbir keçirilib

BDU Coğrafiya fakültəsində “Coğrafiyanın izində: Sivilizasiyalar və Memarlıq” mövzusunda tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunmasına həsr edilmiş “Coğrafiyanın izində: Sivilizasiyalar və Memarlıq” mövzusunda tədbir keçirilib.
Tədbirin məqsədi tələbələri müxtəlif sivilizasiyaların memarlıq irsi, memarlığın inkişafına təsir göstərən coğrafi və tarixi amillər barədə məlumatlandırmaq, həmçinin bu sahədə elmi müzakirə bacarıqlarını inkişaf etdirmək olub.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən seminar tarixi-mədəni irsin qorunması, milli memarlıq ənənələrinin yaşadılması və müasir şəhərsalma yanaşmalarının öyrənilməsi baxımından əhəmiyyət daşıyıb. Tədbirdə memarlıq irsinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.
Seminarda çıxış edən BDU Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov belə tədbirlərin maarifləndirmədə çox böyük əhəmiyyətini vurğuladı.Coğrafiya ixtisası üzrə II kurs tələbəsi Nuran Bənnayev müxtəlif sivilizasiyaların memarlıq nümunələri, iqlim və təbii şəraitin memarlığın formalaşmasına təsiri, eləcə də Azərbaycanın memarlıq irsinin qorunmasının əhəmiyyəti haqqında məlumat verib.
Müzakirə zamanı tələbələr memarlıq abidələrinin tarixi-mədəni əhəmiyyəti, coğrafiya ilə memarlığın qarşılıqlı əlaqəsi və memarlıq irsinin qorunması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.