“XXI əsrdə innovativ tətbiqlər: CİS texnologiyaları” adlı maarifləndirici seminar keçirilib.
Seminarı açıq elan edən Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov CİS texnologiyasının coğrafiya elmi sahəsində əhəmiyyəti, rolu və tətbiqi xüsusiyyətləri haqqında məlumat verdi, həmçinin, bu texnologiyanın Coğrafiya fakültəsində təhsil alan tələbələrə öyrədilməsinin vacibliyini qeyd etdi. Bu məqsədlə CİS sahəsində tanınmış mütəxəssis Rauf Əmənovun bu günkü görüşə dəvət olunduğunu seminar iştirakçılarının nəzərinə çardırdı. Eyni zamanda professor Məqsəd Qocamanov tələbələrin bu sahəyə marağının artırılması məqsədi ilə Rauf Əmənovun icra etdiyi CİS layihələrinə Coğrafiya fakultəsinin tələbələrinin də cəlb edilməsini və fakültə ilə əməkdaşlığının gələcəkdə davam etdirilməsini xahiş etdi.
Sonra söz “Caucasus Geo Survey” şirkətinin təsisçi direktoru Rauf Əmənova verildi. R.Əmənov seminarda CİS texnologiyaları haqqında geniş məlumat verdi, bildirdi ki, Coğrafi İnformasiya Sistemləri (CİS) müxtəlif sahələrdə geniş texniki iş imkanlarına malik olmaqla yanaşı innovativ layihələrdə çoxşaxəli tətbiq tapır.
Seminarda CİS texnologiyası əsasında məkan məlumatlarının işlənərək interaktiv databaza və xəritələrin yaradılması, onların tətbiqi sahələri və digər müasir yanaşmaları haqqında müzakirələr aparıldı.
Seminarın sonunda auditoriya iştirakçılarının sualları cavablandırıldı.