Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir Dövlət Himninin səslənməsi və Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Əvvəlcə Coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Məqsəd Qocamanov faciənin qısa tarixi, yaddaşlarda buraxdığı izlər və Vətən müharibəsində əldə olunan şanlı zəfərdən bəhs edib. Fiziki coğrafiya kafedrasının dosenti Tahirə Qəhrəmanova isə Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılmasının vacibliyindən və bu istiqamətdə görülən işlərdən danışıb. 1-ci kurs tələbəsi Ləman Əsgərova 31 il əvvəl Xocalıda neçə-neçə əliyalın azərbaycanlı qocanın, qadının, körpənin ermənilər tərəfindən xaincəsinə qətlə yetirildiyini və Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində qanlı faciəyə hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.
Tələbələr Səbinə Allahverdiyeva, Afət Abdullazadə, Leyla Məmmədəliyeva, Tutuxanım Əsgərova, Təbərrik Zeynalova və Zəhra Qılıncova Xocalı faciəsinin qəhramanlarından biri olan Müşgünaz Əhmədova və qızı Salatın Əhmədovanın hekayəsini səhnəcik olaraq təqdim ediblər. Nurlan İbrahimxəlilov, Ziba Həsənova və Fərhad İslam, Zəlimxan Yaqubun Xocalı haqqında yazdığı şeiri səsləndiriblər. Daha sonra Ziba Həsənova "Vətənim kimiyəm" mahnısını ifa edib.
Sonda Xocalı faciəsinin beynəlxalq aləmə çatdırılmasında böyük rolu olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev və onun gördüyü işlər barədə geniş məlumat verilib, "Çingizin Kamerası" adlı videoçarx təqdim edilib. M. Qocamanov tədbirin təşkil olunmasına görə Coğrafiya fakültəsi THİK sədri Sadıq Novruzova və fakültə THİK heyətinə öz təşəkkürünü bildirib.