ürizm Təhsili üzrə İxtisaslaşmış Ali Təhsil müəssisələrində təcrübələrin paylaşılması və kefiyyətin artılması üzrə birinci görüş
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış ali təhsil müəssisələrinin Bakıda keçirilən I görüşündə təmsil olunub. Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri professor Adın İbrahimov, kafedranın dosenti Vüqar Dərgahov, həmçinin əyani doktorant Sayalı Cəlilova və turizm işinin təşkili ixtisası üzrə 1-ci kurs magistrant Fəridə Mürşüdova tədbirin panel müzakirələrində və dəyirmi masalarda iştirak ediblər.
İkigünlük tədbir Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşəbbüsü ilə turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə keçirilib. Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Ukrayna daxil olmaqla təşkilatın 11 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, eləcə də BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edib.
Görüş çərçivəsində tədbirin birinci günündə “Hökumət, akademiya və sənayenin əlaqələndirilməsi: Turizm təhsilində ən yaxşı təcrübələr”, “Kurikulum dizaynı: Sabahın ehtiyacları üçün turizm təhsilinin təkmilləşdirilməsi” mövzularında panel diskussiyalar, həmçinin “Turizm təhsilində keyfiyyət təminatı və akkreditasiya” mövzusunda dəyirmi masa keçirilib. Müzakirələr zamanı əsas əməkdaşlıq sahələrinin və tərəfdaşlıq imkanlarının müəyyən edilməsi, əməkdaşlığın təşviqində problemlər və potensial həll yollarının müzakirəsi, məzunların turizm sektorunun tələblərinə hazır olmalarını təmin etmək yolları, sənayedəki trendlərin təhlili və onların təlim proqramlarına daxil edilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Tədbirin 3-cü panelində Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və Turizm kafedrasının dosenti Vüqar Dərgahov “Turizm Təhsilində Kefiyyət təminatı və Akkreditasiya” mövzusunda müzakirələrdə çıxış edib və sualları cavablandırıb.
Tədbirin ikinci günündə isə təşkilata üzv ölkələr arasında turizm təhsili üzrə tərəfdaşlıq imkanlarının genişləndirilməsi mövzusunda dəyirmi masa təşkil olunub.