“Ümumdünya Su Günü”nə həsr olunmuş tədbir
BDU-nun Coğrafiya fakültəsində Ümumudünya Su gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri Hidrometeorologiya kafedrasının müdiri dosent İmran Abdullayev görüşün mövzusu haqqında iştirakçılara məlumat verib. BMT-nin Baş Assambleyası 22 dekabr 1992-ci il, 47/193 nömrəli qətnaməyə əsasən 22 mart tarixini “Ümumdünya su resursları günü” elan etmişdir. Bu günün keçirilməsinin məqsədi su resurslarının mənimsənilməsinin hansı səviyyədə olmasının, iqtisadi və sosial rifahın səmərəliliyinin yüksəldilməsinə təsirinin müəyyən edilməsi və bu barədə maarifləndirilmənin təmin edilməsidir.
BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru professor Fərda İmanov Azərbaycan Respublikasının yerüstü və yeraltı su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərinin təhlilinə, ehtiyatlarına, istifadəsinə, müasir dəyişmələri haqqında məlumat verdi.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Milli Su Əməkdaşlığı təşkilatının nümayəndəsi Məmməd Əsədov təşkilat barəsində məlumat verdi. Həmçinin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin su siyasəti haqqında məlumat verdi. Azərbaycanda həyata keçirilən su layihələrinin statusundan danışdı.
Türkiyə Respublikasının “Temelsu” Beynəlxalq Mühəndislik Məsləhətçi Şirkətinin nümayəndəsi Fatih Keskin Türkiyə təcrübəsindən və su anbarları və hidrotexniki qurğuların layihələndirilməsi haqqında məlumat verdi.
Görüş Hidrometeorologiya kafedrasının magistrant və tələbələri Aynur Quluzadə, Əziz Muradov, Nərmin Əsədzadə, Arzu İbrahimli və İlahə Talıbovanın Azərbaycanda quraqlıq hadisəsi, Azərbaycanda Su Ehtiyatlarının İnteqrasiyalı idarə edilməsi, İqlim dəyişmələrinin Azərbaycanın su ehtiyatlarına təsiri, Xəzər dənizinin səviyyə tərəddüdləri və Kür çayının illik axımının dəyişkənliyi mövzusunda məruzələri ilə davam etdi.
Çıxışların ardından Azərbaycan Milli Su Əməkdaşlığı təşkilatı tərəfindən aktiv tələbələr mükafatlandırılıb. Sonda professor-müəllim heyəti və tələbələrin çoxsaylı sualları cavablandırılıb, gələcəkdə birgə tədbirlər planının hazırlanması üçün səmərələşdirici təkliflər səsləndirilib.