Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (“WUF13”) ərəfəsində təşkil olunan “Bakı şəhərsalma həftəsi” (“Baku Urban Week”) çərçivəsində Coğrafiya fakültəsinin tələbələri üçün Yaz məktəbi keçirilib.
14 May 2026 17:02

Bakı Dövlət Universitetində 2026-cı il 14 may tarixində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (“WUF13”) ərəfəsində təşkil olunan “Bakı şəhərsalma həftəsi” (“Baku Urban Week”) çərçivəsində Coğrafiya fakültəsinin tələbələri üçün Yaz məktəbi keçirilib. Məktəbin mövzusu “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” olub.
Yaz məktəbində İqtisadi və sosial coğrafiya kafedrasının doktorantı Gülnar Omarova “Gəncə-Daşkəsən iqtisadi rayonunda şəhər nəqliyyatının coğrafi təhlili” mövzusunda çıxış edib. Müasir dövrdə regionlarda infrastrukturun inkişafı üzrə dövlət proqramları və şəhərlərdə nəqliyyat infrastrukturunun tədqiqi xüsusi aktuallıq kəsb edir. Böyük şəhərlərdə nəqliyyatın təşkili ilə bağlı inzibati, texnoloji, sosial, iqtisadi və ekoloji problemlər, xüsusilə Gəncə-Daşkəsən iqtisadi rayonunda şəhər nəqliyyatının inkişaf problemlərinin öyrənilməsinin aktual elmi məsələlərdən olduğu vurğulanıb.
Gülnar Omarova Gəncə şəhəri və digər rayon mərkəzləri üzrə şəhər nəqliyyat sisteminin coğrafi xüsusiyyətlərini təqdim edib. Relyefin mürəkkəbliyi, dağlıq və dağətəyi zonaların üstünlük təşkil etməsi, əhalinin məskunlaşma xüsusiyyətləri nəqliyyat şəbəkəsinin formalaşmasına və inkişaf dinamikasına birbaşa təsir göstərir. Sənaye və xidmət sahələrinin inkişafı ilə əlaqədar son illərdə nəqliyyat axınlarının intensivliyi artıb.
Təhlillər nəqliyyat şəbəkəsinin sıxlığı, marşrutların uzunluğu və strukturu, sərnişin dövriyyəsi, nəqliyyat vasitələrinin sayı, yol infrastrukturunun keyfiyyəti, hərəkət intensivliyi, tıxac səviyyəsi, ekoloji təsirlər və əlçatanlıq göstəricilərini əhatə edib. Şəhərlər üzrə nəqliyyat axınlarının dinamikası və sosial-iqtisadi inkişafla qarşılıqlı əlaqəsi statistik məlumatlar və sahə müşahidələri əsasında təhlil olunub. Qeyd edilib ki, Gəncə şəhərinin nəqliyyat sistemi region üzrə mərkəzi rol oynayır və digər yaşayış məntəqələri ilə əlaqələndirici funksiyanı yerinə yetirir.
Elmi seminarda professor Məqsəd Qocamanov, dosentlər Sahilə Allahverdiyeva, Gülnarə Cəfərova və coğrafiya üzrə fəlsəfə doktoru Şəfiqə Hümbətova tədqiqat mövzusunun aktuallığını vurğulayaraq, elmi tədqiqatların davam etdirilməsini tövsiyə ediblər.
Son XƏBƏRLƏR
16.05.2026 | 16:59