Turizm işinin təşkili ixtisasında təhsil alan tələbələrin iştirakı ilə “İxtisasını tanı və gələcəyini qur” adlı tədbir-seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə fakültənin Turizm işinin təşkili ixtisasında təhsil alan tələbələrin iştirakı ilə “İxtisasını tanı və gələcəyini qur” adlı tədbir-seminar keçirilib.
Seminarda Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının dosenti Dərgahov Vüqar çıxış edərək turizm sahəsində peşəkar bilik və bacarıqların formalaşdırılmasının, eləcə də bu sahədə müasir tendensiyaların öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Dərgahov Vüqar tələbələrlə turizmin aktual istiqamətləri, dayanıqlı turizm və yerli turizm potensialının inkişafı mövzularında müzakirələr aparıb, onların gələcək fəaliyyətləri və karyera planları ilə bağlı faydalı tövsiyələr verib.
Qeyd olunub ki, seminarın əsas məqsədi Turizm işinin təşkili ixtisasında təhsil alan tələbələrin ixtisaslarına marağını artırmaq, onları turizm sahəsində peşəkar inkişaf və karyera imkanları barədə maarifləndirmək, həmçinin gələcək fəaliyyətlərində düzgün istiqamət seçmələrinə dəstək göstərməkdir.
Tədbir müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.