Tələbə Elmi Cəmiyyətinin Respublika elmi-praktik konfransı
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycanın müasir inkişafının coğrafi məsələləri: Böyük Qayıdış, qlobal inteqrasiya və regional inkişaf" mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların Respublika elmi-praktik konfransı keçirilib.
Konfrans Dövlət Himinin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.
Konfransı açıq elan edən Coğrafiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri İmran Bayramov Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı xidmətlərindən, Ulu öndərin elm və təhsil siyastindən və Tələbə Elmi Cəmiyyətinin həyata keçirdiyi layihələrdən söz açıb. Fəaliyyəti dövründə Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunan elmi seminar və konfranslara diqqət çəkən İ. Bayramov, TEC-in əldə etdiyi nailiyyətləri vurğulayıb. Çıxışın ardınca Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.
Sonra Coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Məqsəd Qocamanov çıxış edib. M. Qocamanov tələbə və gənc tədqiqatçıların elmi araşdırmalara marağının yüksək olmasına diqqət çəkərək bu sahədə Coğrafiya fakültəsində görülən işlər, tələbə elmi dərnəklərinin fəaliyyəti və elmlə təhsilin inteqrasiyasından söz açıb.
Fakültə Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri dosent Əfqan Talıbov çıxışı zamanı TEC-in dövri bülleteni “Ekvatordan Qütblərə” elmi-populyar jurnalı və tələbələrin hazırladığı “Azərbaycan coğrafiyası” kitabından bəhs edib. Ə. Talıbov konfransa Coğrafiya fakültəsi ilə yanaşı BDU-nun digər fakültələri, Respublikamızın ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və xarici müəlliflərdən məqalə və tezislərin qəbul olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Konfransın plenar iclasında Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri professor Aydın İbrahimov, Hidrometeorologiya kafedrasının müdiri dosent İmran Abdullayev və Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri dosent Saleh Nağıyevin çıxışları dinlənilib. Natiqlər Ulu öndər Heydər Əliyevin siyasi kursundan, müstəqillik illərində Azərbaycan Respublikasının mütərəqqi inkişafından söz açaraq, müasir dövrdə qlobal inteqrasiya və regional inkişaf məsələrinə toxunublar.
Sonra tələbə və magistrların məruzələri dinlənilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs magistrantı Əmanət Abbaslı “Şuşa şəhərinin mövcud turizm potensialının inkişaf etdirilməsində problemlər və onların həllində animasiyanın rolu” məruzəsi ilə çıxış edib. O, Şuşa şəhərinin coğrafi mövqeyinin onun turizm potensialına təsirindən bəhs edib. Çıxış zamanı rayonun mineral suları, muzeyləri, məscidləri və digər tarixi-mədəni abidələrinin mühafizəsində animasiyadan istifadə imkanlarından bəhs olunub, turizm sənayesində animasiyanın tətbiqinin əhəmiyyəti vurğulanıb.
Sonra Ekologiya və torpaqşünaslıq fakültəsinin I kurs magistrantı Məlahət Qocayeva "Azərbaycanın ekoloji problemlərinin təhlili" mövzunda məruzə ilə çıxış edib. O, şəhər və kəndlərdə ətraf mühitə təsir edən amillər, onların qiymətləndirilməsi və ekoloji problemlərlə mübarizə tədbirləri barədə məlumat verib. Məruzəçi həmçinin Xəzər dənizinin müasir ekoloji vəziyyətindən söz açaraq, bu sahədə regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Coğrafiya fakültəsinin I kurs magistrantı Kəmalə Məmmədova "Lənkəran rayonunun əsas qida ehtiyatlarının qiymətləndirilməsi" məruzəsində rayonda kənd təsərrüfatı sektorunun hazırki vəziyyətindən, onun iqtisadi göstəricilərindən, qida ehtiyatlarından və əsas aqroekoloji problemlərindən bəhs edib. Bitki və hevandarlıq məhsulunun istehsalının dinamikasını qiymətləndirən K. Məmmədova, məhsuldarlıq və ona təsir edən iqlim amillərinə toxunub.
Daha sonra Coğrafiya fakültəsinin III kurs tələbəsi Hökümə Orucova "Mineral resources and economical development of the territories freed from occupation" məruzəsi ilə çıxış edib. O, Qarabağ və Şərqi Zəngəzurun təbii ehtiyat potensialından, mineral və xammal ehtiyatlarından söz açaraq, onların iqtisadiyyatın dayanıqlı inkişafına təsirini qiymətləndirib.
Sonda “Ekvatordan Qütblərə” elmi-populyar jurnalının və “Azərbaycan coğrafiyası” kitabının təqdimatı keçirilib, konfransda fərqlənən iştirakçılara sertifikatlar təqdim olunub.