“Təbiəti mühafizə xəritələrinin nəzəri-metodoloji əsasları və informasiya təminatı” mövzusunda ELMİ-seminar
Coğrafiya fakültəsində 26 aprel 2023-cü il tarixində 410 saylı auditoriyada Geodeziya və kartoqrafiya kafedrasının müəllimi Ilhamə Qəribovanın “Təbiəti mühafizə xəritələrinin nəzəri-metodoloji əsasları və informasiya təminatı” mövzusunda ELMİ-seminar keçirilmişdir.
Seminarı Fakültə Elmi Şurasının Elmi katibi İmran Abdullayev açıq elan edərək sözü İlhamə Qəribovaya verdi.
İ.Qəribova çıxış edərək bildirdi ki, təbiəti mühafizə xəritələrinin tərtibi tematik kartoqrafiyanın kifayət dərəcədə müstəqil formalaşmış istiqamətinə çevrilmiş olsa da, onun nəzəri-metodiki əsaslarının təkmilləşdirilməsi və inkişaf etdirilməsinə ehtiyac duyulur. Xüsusilə də indiki inkişaf mərhələsində bu tip xəritələrin tərtib edilməsinə qoyulan yüksək dəqiqlik tələbləri, həmçinin, onların daşıdığı informasiyanın yalnız məzmun tutumu deyil, eyni zamanda oxunaqlığının təmin olunması, praktiki istifadədə əyaniliyi və qavranılmasının asanlaşdırılması kimi tələblər irəli sürülür. Təbiəti mühafizənin tədqiqat obyektindən asılı olaraq təbiəti mühafizə xəritə tərtibinin istiqaməti müəyyənləşir və həmin istiqamətin məzmununa üyğun xəritələr tərtib edilir.
Məruzəçi Azərbaycanda təbiəti mühafizə xəritələrinin durumu və inkişaf istiqamətləri, uzaq və yaxın xarici ölkə təcrübələri ilə müqayisəli təhlili haqqında məlumat verdi. Regional, təsərrüfat sahəsi və miqyas sırası üzrə təbiəti mühafizə xəritələrinin məzmun elementləri, legendası və tərtib edilməsinin texnoloji sxemlərini göstərildi. Elmi-tədqiqat və təcrübi işlərin gücləndirilməsi və bu günün dəqiqlik və məzmun tələblərinə uyğun gələn təbiəti mühafizə xəritələrinin hazırlanması müasir dövrdə Azərbaycan kartoqrafları qarşısında duran aktual məsələlərdən hesab olunması diqqətə çatdırıldı.