Şirvan çaylarının su və gətirmələr axımında müasir trendlərin qiymətləndirilməsi ” mövzusunda onlayn elmi seminar
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “ Şirvan çaylarının su və gətirmələr axımında müasir trendlərin qiymətləndirilməsi ” mövzusunda onlayn elmi seminar keçirilib. Hidrometeorologiya kafedrasının dissertantı Anar Nuriyev mövzu ilə bağlı məruzə edib. Məruzədə son dövrlər iqlim dəyişmələri ilə yanaşı su ehtiyatlarından istifadədə antropogen təsirlər və su ehtiyatlarının çay hövzəsindən götürülməsi ilə çay axımının ümumi həcminin azalması haqqında məlumat verilib. Şirvan çaylarının çoxillik axımının dinamikası və ildaxili dəyişməsi təhlil olunmuş, iqlim dəyişmələrinin ərazinin su ehtiyatlarına təsiri, həmçinin illik axımın fəsillər üzrə dəyişməsi və asılı gətirmələr axımı tədqiq edilmişdir. Bundan başqa gətirmələr axımı ilə su sərfi arasında əlaqələr təhlil olunaraq, alınmış məlumatar əsasında tərtib olunmuş ərazinin bulanıqlıq xəritə sxemi təqdim olunmuşdur.
Mövzu ətrafında fakültə əməkdaşları Məqsəd Qocamanov, Yayub Qəribov, Həbibə Soltanova, Elxan Nuriyev, İradə Əliyeva, Sabir İskəndərov, Rəşad Sədullayev və başqaları çıxış ediblər.
Daha sonra “Hidrometeorologiya” kafedrasının magistrantı Tağıyeva Natəvan Oqtay qızının Su ehtiyatlarının əhəmiyyəti və su qıtlığının yaratdığı problemlər, Fiziki coğrafiya kafedrasının magistrantı-Rüstəmova Reyhan Fikrət qızının Arazboyu düzənliklərin müasir arid landşaftlarının idarə edilməsi, Geodeziya və kartoqarfoya kafedrasının magistrantı- Əzizli Nurlan Hikmət oğlunun Geomatika və geomatik modelləşdirmənin nəzəri praktiki əsasları, Fiziki coğrafiya kafedrasının magistrantı- Qasımlı Sona Hüseynağa qızının Mil və Muğan düzlərinin müasir təbii landşaftlarının təhlili və Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının magistrantı- Bayramov Əlövsət Soltan oğlunun Azərbaycanda Halal turizmin formalaşması və inkişafı perspektivləri mövzusunda çıxışları dinlənilib.