“Qarabağın təbiəti və coğrafi mövqeyi” adlı tədbir keçirilib
Coğrafiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov, Ekologiya və torpaqşünaslıq fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Könül Aslanova, Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllimi, dosent Qismət Xanbabayev, Coğrafiya fakültəsinin müəllimi Eltac Cəbiyev, BDU Könüllüləri Təşkilatının hər iki fakültə üzrə könüllülərinin iştirakı ilə “Qarabağın təbiəti və coğrafi mövqeyi” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.
Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllimi, dosent Qismət Xanbabayev çıxış edərək bildirdi ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistan Respublikası tərəfindən Azərbaycan torpaqlarının 20%-nin işğal edilməsi həmin ərazilərdə flora və faunanın bir çox növlərinin məhvinə səbəb olmuşdur. Torpaqlarımızın işğalından öncə Qarabağın ümumi ərazisinin 36%-ə qədəri meşəliklərdən ibarət idi. İşğaldan öncə meşə palıd, fıstıq, çinar, qarağac və s. kimi bitkilər, ayı, canavar, tülkü, dovşan, cüyür, kəklik, turac, göyərçin və s. heyvanlarla zəngin idi. Qarabağın işğal dövründə ərazinin minalarla çirklənməsi torpağın məhsuldarlığını aşağı salmış və landşaftın məhvinə səbəb olmuşdur.
Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müəllimi Eltac Cəbiyev Qarabağın turizm potensialı ilə bağlı geniş məlumat verdi. O, bildirdi ki, Qarabağ təbii və mədəni irs nümunələri ilə zəngindir, amma Ermənistan Respublikasının işğalçılıq siyasətindən bu mədəni irs nümunələri də zərər çəkmişdir. Ermənistan Qarabağdakı mədəni irs nümunələrini özününküləşdirməyə çalışsa də, tarixi faktlar onların Azərbaycan mədəni irsinə aid olmasını sübut edir.
Ekologiya və Torpaqşünaslıq fakültəsinin ikinci kurs tələbəsi Xəyal Əsədov Qarabağın füsünkar təbiəti, Coğrafiya fakültəsinin birinci kurs tələbəsi Varis Əhmədli Qarabğın iqlimindən,landşaftından və kənd təsərrüfatından tədbir iştirakçılarına geniş məlumat verdilər.