“Peşəkar Turizm Bələdçiliyi: Təcrübə və Perspektivlər” mövzusunda təlim keçirilib
21 Fevral 2026 15:14

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Peşəkar Turizm Bələdçiliyi: Təcrübə və Perspektivlər” mövzusunda təlim keçirilib.
Tədbirin əsas məqsədi tələbələrə turizm bələdçiliyi sahəsində peşəkar fəaliyyət istiqamətləri, real iş təcrübəsi və gələcək karyera imkanları barədə ətraflı məlumat vermək, bu sahəyə marağı olan gənclərin praktiki biliklərini artırmaq olub.
Təlimin qonağı dövlət qonaqları üzrə turizm bələdçisi Samir Abdullayev olub. O, uzun illər ərzində qazandığı peşəkar təcrübəni iştirakçılarla bölüşüb, turizm bələdçiliyinin incəlikləri, beynəlxalq qonaqlarla işləmək prinsipləri, etik davranış qaydaları və bu sahədə uğur qazanma yolları haqqında ətraflı məlumat verib.
Təlim çərçivəsində turizm bələdçiliyinin əsas prinsipləri, dövlət və beynəlxalq səviyyəli qonaqlarla iş təcrübəsi, sahədə qarşılaşılan çətinliklər və onların həlli yolları müzakirə olunub. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.