“Open Science Azərbaycan - gənc alimlər üçün yeni imkanlar” mövzusunda konfrans
Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin magistr, doktorant, dissertant və digər əməkdaşları Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” layihəsi çərçivəsində “Open Science Azərbaycan - gənc alimlər üçün yeni imkanlar” mövzusunda konfransda iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov layihəsindən danışıb .
Daha sonra təhsil nazirinin müşaviri Elnur Nəsibov Azərbaycanın gənc alim, doktorant və magistrlərinin elmi araşdırmalar, tədqiqatlar və məlumatlarının beynəlxalq indeksdə yayımlanmasının vacibliyini konfrans iştirakçılarına çatdırıb.
Konfransda iştirak edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qeyd edib ki, Azərbaycan elm və təhsilinin beynəlxalq inteqrasiyasında böyük əhəmiyyət daşıyan layihə gənc alimlərin akademik bacarıqlarının inkişaf etdirilməsinə öz töhfəsini verəcək.
Vilayət Vəliyevdən sonra Təhsil nazirinin müşaviri Nicat Məmmədlinin “Open science: dövlət siyasətinin sərhədləri”, Avropa Gənc Alimlər Şurasının idarə Heyətinin üzvü, Oleksandr Berezkonun “Open Science və gənc tədqiqatçılar”, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru dosent Elçin Süleymanovun “Elmi resurs bazalarından effektiv istifadə metodları”, Azərbaycan Dillər Universitetinin Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri dosent Səyanə Bağırovanın “UNESCO prizmasında Open Science - reallıqlar və perspektivlər” mövzularında məruzələri dinlənilib.
Konfrans müzakirələrlə davam edib.