Novruz bayramına həsr edilmiş tədbir
Tədbiri açıq elan edən Mədinə Rüstəmova Novruz bayramının digər bayramlar arasında xüsusi yerə malik olmasına diqqət çəkib. Sonra Coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Məqsəd Qocamanov və tədris işləri üzrə dekan müavini dosent Ramiz Əhlimanov çıxış ediblər. Natiqlər Novruz bayramı, çərşənbələr və onların insan həyatına təsirini coğrafi cəhətdən izah edərək, bu dövr ərzində təbiətdə baş verən oyanma və yenilənmə proseslərdən danışıblar. Onlar, Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib və bu bayramın Azərbaycan xalqı üçün mahiyyətinə diqqət çəkiblər. Coğrafiya fakültəsinin tyutoru Vüsalə Əkbərli çıxış edərək tyutorlar adından professor-müəllim heyətini və tələbələri təbrik edib. Daha sonra BDU THİK sədri Hacıbaba Mustafayev çıxış edib. O, bayramın insanların həyatına yeni rəng qatmasından, özü ilə birgə dəyişikliklər gətirməsindən bəhs edib. Coğrafiya fakültəsinin tələbəsi Nazilə Əsgərova çıxış edərək Novruz bayramının tarixi haqqında qısa məlumat verib. Çıxışların ardınca Coğrafiya THİK heyətinin hazırladığı bayram səhnəcikləri təqdim olunub. Bədii hissə "Qaynana" filmindən fraqment canlandırılması ilə başlayıb, daha sonra Fərhad İslam və Səadət Zeynalabdılı "Uzundərə" rəqsi ilə çıxış ediblər. Ardınca ssenarisi Coğrafiya fakültəsinin 3-cü kurs tələbəsi Təbərrik Zeynalovaya aid olan və milli adət-ənənələrimizi əks etdirən səhnəcik canlandırılıb, İlkanə Qasımova isə sözləri Tələt Əyyubova, musiqisi Rauf Hacıyevə məxsus olan "Üzüm" mahnısını ifa edib.
Tədbir Yallı rəqsi və oyun havaları ilə yekunlaşıb.