“Heydər Əliyev ideyaları: bütöv Azərbaycan və dayanıqlı inkişaf” mövzusunda Respublika elmi - praktik konfransı keçirilib
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev ideyaları: bütöv Azərbaycan və dayanıqlı inkişaf” mövzusunda Respublika elmi - praktik konfransı keçirilib.
Konfransda Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov, Geologiya fakultəsinin dekanı, dosent Mamoy Mansurov, Ekologiya və Torpaqşünaslıq fakultəsinin dekanı, dosent Akif Ağbabalı, Bakı Dövlət Universitetinin professoru İzzət Rüstəmov, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, professor Zakir Eminov, Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor Aydın İbrahimov, İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağiyev və Respublikanın müxtəlif elm ocaqlarından gələn professor-müəllim, doktorant, bakalavriatura və magistratura pillələri üzrə təhsil alan tələbələr iştirak edirdi.
Konfrans öncəsi iştirakçılar Bakı Dövlət Universitetinin Əsas binasının foyesində ümummilli lider Heydər Əliyevin xatirəsinə qoyulmuş abidəni ziyarət etdilər və gül dəstləri qoydular.
Konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Coğrafiya fakültənin dekanı, professor Məqsəd Qocamanov konfrans iştirakçılarını salamlayaraq bildirdi ki, bu gün Azərbaycan sürətlə inkifaf edir, dünya ölkələri sırasında əhəmiyyətli yer tutur. Bunun bünövrəsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həmin siyasəti uğurla davam etdirməsi dayanır. İllər keçdikcə ümummilli liderin böyüklüyü və bitib-tükənməyən irsi, onun Azərbaycan tarixində yeri və rolu, xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti daha dərindən dərk olunur. Çıxışının davamında Məqsəd Qocamanov onun bir alim-mütəxəssis kimi yetişməsində ümummilli lider Heydər Əliyevin verdiyi töhfələrdən, onunla bağlı xatirələrdən danışdı. O, bildirdi ki, vaxtilə ulu öndər müsabiqədən kənar qaydada onu Moskvaya oxumağa göndərməsəydi, bəlkə hələ də geodeziya-kartoqrafiya elmi sahəsində Azərbaycanda elmlər doktoru yetişməzdi.
Konfransa dəvət olunmuş Bakı Dövlət Universitetinin professoru İzzət Rüstəmov Heydər Əliyevin rəhbərliyi altında çalışdığını və ulu öndərlə dünyanın bir çox ölkələrində olduğunu vurğulayaraq, xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Heydər Əliyevin dünyada böyük nüfuza və hörmətə malik olduğunu qeyd edən professor onunla hər bir azərbaycanlının fəxr etdiyini bildirdi. Dövlətimizin durmadan artan uğurlarının qazanılmasında ümummilli liderin xidmətlərini yüksək qiymətləndirdi. O, qeyd etdi ki, bu gün möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir.
Plenar iclasda Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağiyev “Müstəqil dövlətimizin banisi”, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, professor Zakir Eminov “Regionların sosial iqtisadi inkişafının müasir vəziyyəti”, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor Aydın İbrahimov “Qarabağ ermənilərinin reinteqrasiyasında xarici təcrübə”, İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov “Qarabağın işğaldan azad edilmiş ərazilərinin coğrafi ekspertizası” mövzuları üzrə çıxış etdilər.
Plenar iclasından sonra konfrans öz işini üç ixtisas bölmələrində davam etdirdi.