Geomatika və geodeziya mühəndisliyi ixtisasında təhsil alan tələbələrin iştirakı ilə “İxtisasını tanı və gələcəyini qur” adlı tədbir-seminar keçirilib
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə fakültənin Geomatika və geodeziya mühəndisliyi ixtisasında təhsil alan tələbələrin iştirakı ilə “İxtisasını tanı və gələcəyini qur” adlı tədbir-seminar keçirilib.
Seminarı Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasının doktorantı Nuralan Əzizli aparıb. O, çıxışında geomatika və geodeziya mühəndisliyi sahəsində müasir texnologiyaların tətbiqi, məkan məlumatlarının idarə edilməsi, peyk naviqasiyası (GNSS), dron və uzaqdan zondlama sistemlərinin əhəmiyyəti barədə geniş məlumat verib.
Nuralan Əzizli tələbələrə geodeziyanın infrastruktur layihələrində, xəritəçəkmə işlərində, şəhərsalma və ətraf mühitin monitorinqində oynadığı mühüm roldan danışıb, həmçinin geomatika sahəsində qlobal trendlər və müasir proqram təminatlarının istifadəsi barədə faydalı bilgilər paylaşıb.
Qeyd olunub ki, seminarın əsas məqsədi Geomatika və geodeziya mühəndisliyi ixtisasında təhsil alan tələbələrin ixtisaslarına marağını artırmaq, onları bu sahədə peşəkar inkişaf və karyera imkanları barədə maarifləndirmək, həmçinin gələcək fəaliyyətlərində düzgün istiqamət seçmələrinə dəstək göstərməkdir.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib, tələbələrin sualları cavablandırılıb.