Geodeziya tədris təcrübəsi uğurla tamamlanıb
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində 27 aprel - 10 may tarixlərində təşkil olunan geodeziya tədris təcrübəsi başa çatıb. İki həftə davam edən təcrübənin təşkilinə Geodeziya və kartoqrafiya kafedrasının professor-müəllim heyəti cəlb olunub. "Coğrafiya" və " Coğrafiya müəllimliyi" ixtisaslarında 10 qrup və 200-dən artıq tələbənin iştirak etdiyi tədris təcrübəsinin ilk günündə tələbələr geodeziya praktikasının əhəmiyyəti, ölçmə alətləri, onlardan istifadə və təhlükəsizlik texnikası ilə tanış olublar.
Təcrübə zamanı tələbələr əvvəlcədən müəyyən olunmuş ərazilərdə poliqon üzrə qapalı teodolit gedişi təşkil edərək, stansiyalarda müvafiq bucaq və məsafə təyinetmə işlərini həyata keçiriblər.
Nivelirləmə işlərindən sonra əldə olunan nəticələrin kompleks riyazi emalı aparılıb və poliqonlar üzrə müvafiq nəticələr əldə olunub. Təcrübənin son günündə tələbələr kameral işlərlə məşğul olub və teodolit çəkilişinin planını tərtib ediblər. Sonda təcrübənin nəticələri təqdim olunub və müzakirələr aparılıb.