FAKÜLTƏNİN ŞƏHİD MƏZUNUNUN MƏZARI ZİYARƏT EDİLDİ
Bu gün vətənimizin hər guşəsində Zəfər Bayramı qeyd edilir. Eləcə də bu zəfəri bizə yaşadan qəhrəman şəhidlərimizin anım mərasimləri keçirilir. Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin professor-müəllim və tələbə heyəti də fakültənin şəhid məzunu, leytenant Namiq Cavadovun məzarını ziyarət edib.
Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov, dosent Elxan Nuriyev, dosent İmran Abdullayev, dosent Şəkər Məmmədova, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov, müəllim Eltac Cəbiyev və tələbələr şəhidin məzarı önünə gül dəstələri düzdü, xatirəsini ehtiramla yad etdilər.
Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov şəhid Namiq Cavadovun keçdiyi həyat yolu haqqında məlumat verdi, şəhidin anası Svetlana xanıma və onun həyat yoldaşı Gültəkin xanıma Coğrafiya fakültəsinin professor-müəllim heyəti adından baş sağlığı verdi.
Məlumat üçün bildiririk ki, Namiq Cavadov 1973-cü ilin noyabr ayının 7 də Xocalı rayonunun Cəmilli kəndində anadan olub. Vətənə, torpağa uşağlıqdan bağlı olan Namiq 16 yaşında, Qarabağda döyüşlər gedən ərəfədə əsgərliyə heç kimin xəbəri olmadan könüllü gedib. O, 1993-cü ildə BDU-nin Coğrafiya fakültəsinə daxil olmuş və 1997 ci ilə qədər davam edən ali təhsili zamanı həm də həmin universitetin hərbi kafedrasında da təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Namiq Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Qubadlının, Xocavəndin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Hərbidən ayrıldığı 15 ilə yaxın olmasına baxmayaraq könüllü olaraq ön cəbhəyə gedib, döyüşlərdə iştirak edib. 60 əsgərdən ibarət kazarmanı təhlükəli vəziyyətdən çıxarıb, 20 yaralı əsgərə köməklik göstərərək həyatlarını xilas edib. 8 nəfər xüsusitəyinatlı əsgərlərlə birlikdə düşmənin neçə canlı qüvvəsini məhv ediblər. Oktyabr ayının 25-i, döyüşə yollandığının 6-cı günündə Namiq Cavadov Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Namiq Cavadov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edildi.