FAKÜLTƏNİN ƏMƏKDAŞLARI QAZAXISTANIN ƏL-FƏRABİ ADINA QAZAX MİLLİ UNİVERSİTETİNDƏ KEÇİRİLƏN TƏLİMDƏ İŞTİRAK EDİBLƏR
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin əməkdaşları Anar Nuriyev və Aytən Məhərrəmova Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetində keçirilən pedaqoji təlimdə iştirak ediblər.
ERASMUS+ proqramının dəstəyi və “Sahilyanı ərazilərdə iqlim dəyişmələrinə adaptasiya tədbirləri üzrə məkan-zaman mühəndisliyi istiqamətində yeni tədris kurslarının yaradılması" ("New courses in geospatial engineering for climate change adaptation of coastal ecosystems") layihəsi çərçivəsində keçirilən təlimlərə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Almaniya, Litva, Rumıniya və Hollandiyanın tərəfdaş universitetlərinin əməkdaşları qatılıblar.
Təlimin əsas məqsədi universitetlər arasında əməkdaşlığı dərinləşdirmək, tərəfdaş ölkələrin müəllimlərini Avropa universitetləri tərəfindən təklif olunan kurslar və onların tədris metodları ilə tanış etmək, təcrübə mübadiləsi aparmaq olub.
Təlim müddətində iştirakçılar ətraf mühitə təsirin qiymətləndirilməsi, ekoloji proseslərin modelləşdirilməsi, Məsafədən zondlama və coğrafi informasiya sistemlərinin tətbiqində onlayn mənbələrdən istifadə və məlumat bazalarının yaradılması, layihələrin idarə olunması, təqdim etmə bacarıqları, Fəza texnologiyaları üçün mikroelektronika, fənnlər arası inteqrasiya, tələbələrin layihələrə cəlb olunması, effektiv tədris metodları və Əl-Fərabi adına Qazax Milli Universitetinin laboratoriyaları və xüsusi avadanlıqları ilə tanış olublar.
Təlimin sonunda universitetlər üzrə yekun hesabatlar dinlənilib, layihənin gələcək planları nəzərdən keçirilib və təlim iştirakçılarına sertifikatlar təqdim olunub.