“ESRI” şirkətinin əməkdaşları ilə görüş
Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərcosmos) təşəbbüsü ilə 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün ölkəmizdə səfərdə olan ABŞ-ın “ESRI” şirkətinin Beynəlxalq strategiya üzrə regional direktoru Sohail Elabd və şirkətin Baş məsləhətçisi Ahmed Avady ilə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində görüş keçirilib.
Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov Coğrafiya fakültəsində təhsil və Coğrafi İnformasiya Sisteminin tətbiqi haqqında məlumat verdi. O həmçinin fakültənin iştirak etdiyi beynəlxalq layihələr haqqında və tələbələrin uğurları haqqında məlumatlandırdı.
Məqsəd Qocamanov Coğrafiya fakültəsinin tədris laboratoriyalarının proqram təminatının daha da gücləndirilməsi istiqamətində görüləcək işləri vurğulayaraq, “ESRI” şirkəti ilə əməkdaşlığın önəmini vurğulayıb.
Azərcosmosun əməkdaşı Aynurə Balakişiyeva isə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi barədə, eyni zamanda ESRI şirkəti ilə əməkdaşlıq istiqamətində görülən işlərdən bəhs edib.
Öz növbəsində Sohail Elabd Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirib. Təmsil etdiyi şirkətin fəaliyyəti və hazırda bir çox sahələrdə uğurla tətbiq olunan proqram təminatları haqqında zəruri informasiyaları nəzərə çatdıran Sohail Elabd Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində şirkətin yaratdığı proqram təminatlarından ətraflı danışıb. O, bu proqramların BDU-da ödənişsiz istifadəsi üçün lisenziya və elektron kitabxanadan istifadə imkanı yaratmağa hazır olduqlarını fikirlərinə əlavə edib.
Daha sonra gələcək əməkdaşlığın əsas istiqamətləri barədə razılığa gəlinib.