Erməni təxribatları nə vaxtadək davam edəcək?
Müzəffər ordumuzun qələbəsi və Ermənistan işğalçılarının torpaqlarımızdan qovulması, azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması erməni separatçı-millətçilərini və onların havadarlarını bu gün də rahat buraxmır. Revanşist niyyətlərdən əl çəkib dinc yaşamaq, əməkdaşlığa başlamaq əvəzinə, davamlı təxribatlara əl atırlar. Qarabağda atəşkəsin təmin olunması və sülh prosesinə şərait yaradılması üçün regiona Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilsə də, Rusiya–Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılsa da, ermənilər dinc həyata qayıtmağa tələsmirlər
Keçən ilin noyabr ayında imzalanmış razılaşmaya əsasən, Rusiyanın sülhməramlı qüvvələrinin bölgəyə gəlməsinin əsas vəzifələrindən biri atəşkəsin təmin edilməsi olmuşdur. Lakin cərəyan edən proseslər onu göstərir ki, lazımi cəzalarını almış ermənilər müharibənin nəticələrindən özləri üçün nəticə çıxarmamışlar və revanşist niyyətlərdən əl çəkmək fikrində deyillər. Bunu Azərbaycan əsgərlərinə və mülki sakinlərə qarşı edilən hücumlar bir daha təsdiqləyir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı son məlumata əsasən, respublika ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədiblər. Rusiya sülhməramlılarının nəzarətində olan ərazidən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olmuşdur. Erməni terror qruplarının belə təxribatları ölkəmizdə hiddət doğurur və bu qəsdlərin qarşısının alınması tələb olunur.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı böyük qələbədən sonra hər bir vətəndaşımızı narahat edən suallar var: layiqli cəzalarını alan və məğlub olan düşmən niyə təxribatçı əməllərindən əl çəkmək istəmir? Onlar nə vaxta qədər öz terror əməllərini davam etdirəcəklər?
Azərbaycan tərəfi hər bir şəhidinə, itkiyə görə daha ağır cavab verəcək, onda ermənilər dinc oturmağa məcbur olarlar. 44 günlük müharibə onu göstərdi ki, erməni millətçiləri yalnız başlarına “dəmir yumruq” dəyəndə “ağıllanırlar”.
Çingiz İSMAYILOV,
BDU-nun professoru
https://xalqqazeti.com/az/news/87647?utm=w