ƏMƏKDAŞLARIMIZ ŞƏHİD MƏZARINI ZİYARƏT ETDİ
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin əməkdaşları fakültənin şəhid məzunu Nurlan Əbilovun məzarını ziyarət etdi, məzarının üzərinə gül dəstələri düzdü, xatirəsini ehtiramla yad etdilər.
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov şəhid Nurlan Əbilovun keçdiyi həyat yolu haqqında məlumat verdi, şəhidin ailəsinə Coğrafiya fakültəsinin professor-müəllim heyəti adından baş sağlığı verdi. Məlumat üçün bildiririk ki, Nurlan Əbilov 2 avqust 1994-cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub. Atasını uşaq ikən, anasını isə 23 yaşında itirib. Orta təhsilini aldıqdan sonra Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olub. Azərbaycan Ordusunun əsgəri olan Nurlan Əbilov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən baş nahiyəsindən ağır yaralanıb və Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib. Nurlan Əbilov 19 aprel 2021-ci ildə müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həlak olub. Nəşi Masallı rayonunun Şərəfə kəndində torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Nurlan Əbilov "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda" (ölümündən sonra), "Cəsur döyüşçü" (ölümündən sonra) medalları ilə və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra) ilə təltif edildi.