Əməkdar müəllim Tapdıq Həsənovun təqaüdə yolasalınma tədbiri keçirilib
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin 421 saylı auditoriyasında Coğrafiya elmləri doktoru, professor, Əməkdar müəllim, Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının üzvü Tapdıq Həsənovun təqaüdə çıxması ilə əlaqədar yolasalınma tədbiri keçirilib.Tədbirdə Coğrafiya fakültənin dekanı, professor Məqsəd Qocamanov, akademik Vasif Babazadə, professor Şövqi Göyçaylı, akad.H.Əliyev adına Coğrafiya inistutunun Baş direktoru, c.e.d. Zakir Eminov, həmin institutun və Coğrafiya fakultəsinin professor-müəllim heyəti iştirak edib.
Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov tədbiri açıq elan edərək bildirdi ki, professor Tapdıq Həsənov ömrünün 54 ilini Bakı Dövlət Universitetində, Coğrafiya fakultəsində keçirmiş, o cümlədən, 28 il İqtisadi və sosial coğrafiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Belə bir əməkdaşın təqaüdə göndərilməsini diqqətdən kənarda qoymaq düzgün olmaz və ona görə də bugünkü görüşü keçirmək qərarına gəldik.
Professor Məqsəd Qocamanov Bakı Dövlət Universiteti və Coğrafiya fakultəsinin kollektivi adından Tapdıq Həsənova uzun ömür, can sağlığı arzuladı, BDU-nun Azad Həmkarlar Təşkilatının Fəxri Fərmanı və gül dəstini ona təqdim etdi, tədbir iştirakçılarını Tapdıq Həsənovun keçdiyi həyat yolu, elmi-pedaqoji fəaliyyəti haqqında məlumatlarla tanış etdi. Professor Tapdıq Həsənov Azərbaycanda coğrafiya elminə və gənc kadrların hazırlanması işinə böyük tövhələr verib, böyük xidmətləri olub. Bu xidmətlərinə görə o, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülüb.
Sonra söz akademik Vasif Babazadəyə verildi. Akademik Vasif Babazadə öz çıxışında qeyd etdi ki, professor Tapdıq Həsənovla uzun illər həmkar olub, birgə çalışmışlar. Tapdıq Həsənov savadlı, həmkarlarına qarşı diqqətli, tələbkar və ədalətli olmaqla yanaşı, eyni zamanda yaxşı dost və yoldaşdır. O, çıxışının sonunda T.Həsənova müvəffəqiyyətlər və can sağlığı arzu etdi.
Professor Şövqi Göyçaylı öz çıxışında professor Tapdıq Həsənovla bağlı xatirələrindən, onun universitetə daxil olduğu birinci kursdan göz önündə olmasından, öz çalışqanlığı ilə hər kəsin diqqətini cəlb etməsindən, sonrakı mərhələdə onunla birgə keçirdiyi aspirantura illərindən danışdı. Sonra Ş.Göyçaylı Bakı Dövlət Universitetinin 50 illik yubiley tədbirlərində ulu öndər Heydər Əliyevin Azərbaycan dilində çıxış etməsi, Bəhmənyardan Axundovadək azərbaycanlı mütəfəkkirləri yada salması və bünunla ulu öndərin Azərbaycanda milli şüurun formalaşmasının toxumunu səpdiyi fikrini söylədi. Tapdıq müəllim o dövrlərdən yaxşı keçdi və fəal iştirak edən alimlərdən oldu.
Akademik H.Əliyev adına Coğrafiya institutunun Baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov Tapdıq Həsənovla bağlı xoş xatirələrini bölüşdü və bildirdi ki, insan milyard manat qazanar, amma onu bir təsadüf nəticəsində itirə bilər. Savad elə məfhumdur ki, o itmir, daim artır. Alimlərimiz bizi bu səviyyəyə çatdırıblar, biz də öz növbəmizdə bizdən sonra gələn yeni ziyalı nəslinin yetişməsinə köməklik göstərməliyik. Mənim bu səviyyəyə çatmağımda Tapdıq müəllimin böyük rolu olub. Tapdıq müəllim yarım əsrdən çoxdur ki, iqtisadi coğrafiyanın əsas sütunlarından biridir. Yazdığı kitablar tələbələrin və elm adamlarının stolüstü kitabıdır.
Daha sonra professor Rza Mahmudov, professor Aydın ibrahimov, c.e.d. Şəkər Məmmədova, dosent Sahilə Allahverdiyeva, c.ü.f.d Xədicə Bədəlova çıxış edərək Tapdıq Həsənov haqqında xoş xatirələr danışdılar, ona uzun ömür, möhkəm can sağlığı arzu etdilər.
Tədbirin sonunda tədbir iştirakçılarının professor Tapdıq Həsənovla xatirə şəkli çəkildi.