Elmi Şuranın növbəti iclası keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Elmi Şuranın növbəti iclası baş tutub. Şuranın sədri, Coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən Məqsəd Qocamanov gündəlikdə olan məsələləri diqqətə çatdırdıqdan sonra iclas öz işinə başlayıb. Tədris işləri üzrə dekan müavini Ramiz Əhlimanov və Elmi işlər üzrə dekan müavini Səbuhi Talıbov fakültədə qış imtahan sessiyasına hazırlığın vəziyyəti barədə çıxış ediblər.
İclasda həmçinin Geodeziya və kartoqrafiya kafedrasının 50 illiyinə həsr olunmuş "XXI əsr: Geoməkan məlumatları və kosmik informasiya infrastrukturu. İnnovasiyalar və səmərəli istifadə yolları" mövzusunda elmi-praktik konfransın nəticələri müzakirə edilib, doktorantların attestasiyası və minimum imtahan proqramı təsdiq olunub.
Doktorantların hesabatlarının ardınca Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasında boş olan dosent vəzifəsinə seçki keçirilib. Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri Aydın İbrahimovun sədrliyi ilə seçki nəticələri hesablanıb və Çingiz Qələndərov dosent vəzifəsinə seçilib. Daha sonra Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri İmran Bayramov TEC-in illik hesabatını təqdim edib. İlin son iclasında dərslərin monitorinqinin nəticələri və cari məsələlər müzakirə edilib.