Coğrafiya fakültəsinin tələbələri Taxtakörpü su anbarında olublar
Coğrafiya fakültəsinin tələbələri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Milli Su Əməkdaşlığının təşəbbüsü ilə Taxtakörpü su anbarına səfər ediblər olublar. Əvvəlcə tələbələr su anbarının əsas hidrotexniki qurğularına baxış keçiriblər. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Milli Su Əməkdaşlığı təşkilatının nümayəndəsi Məmməd Əsədov Taxtakörpü su anbarı haqqında məlumat verdi, ölkəmizdə mövcud olan ən mühüm hidrotexniki qurğulardan olmasını vurğuladı. O çıxışında qeyd etdi ki, son illər yay mövsümündə Samur çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq Taxtakörpü su anbarına yığılan su hesabına Bakı, Sumqayıt şəhərlərinin həmçinin Abşeron yarımadası və ölkənin şimal bölgəsinin kənd təsərrüfatı sahələrinin su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olub. Respublikamızda içməli su probleminin aradan qaldırılması istiqamətində xüsusi əhəmiyyəti ilə fərqlənən "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi çərçivəsində inşa edilən Taxtakörpü Su Anbarının Su Elektrik Stansiyası ilə birgə Taxtakörpü-Ceyranbatan, Vəlvələçay-Taxtakörpü kanallarının tikintisi layihələrinin reallaşdırılması ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malikdir.
Daha sonra Taxtakörpü su anbarının inzibati binasının konfrans zalında tələbələrlə görüş keçirildi. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Milli Su Əməkdaşlığı təşkilatının nümayəndəsi Teymur Osmanov Azərbaycanın su ehtiyatları və Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı” haqqında məlumat verdi. O öz çıxışında su ehtiyatlarından inteqrasiyalı idarə edilməsinin rolunu vurğuladı. Tələbələrə suyun əhəmiyyətini əks etdirən film nümayiş etdirildi.
Coğrafiya fakültəsinin müəllimi Anar Nuriyev öz çıxışında qeyd etdi ki, son illər ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında mühüm işlər görülmüşdür. Bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə iri layihələr icra edilmişdir. Həyata keçirilən tədbirlər məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sistemi əhəmiyyətli dərəcədə yaxşılaşmış və müasirləşdirilmişdir. Həmçinin təşəbbüsə görə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Milli Su Əməkdaşlığı təşkilatının nümayəndələrinə öz minnətdarlığın bildirdi. Tədbir müzakirələrlə davam edib. Sonda xatirə şəkili çəkdirilib.