Coğrafiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində olublar
Bakı Dövlət Universiteti (BDU) Coğrafiya fakültəsi rus bölməsinin "703" (Coğrafiya), "705" və "709" (Coğrafiya müəllimliyi) qruplarının tələbələri Quba rayonunda çöl-tədris təcrübəsində olublar. Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov və Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının dosenti Vüqar Dərgahovun rəhbərliyi altında tələbələr Böyük Qafqazın şimal-şərqinin relyef və iqlim şəraiti ilə yaxından tanış olub və bir sıra müşahidələr aparıblar. Tələbələrə ərazinin landşaft xüsusiyyətləri, hidroloji rejimi və çayları, turizm və rekreasiya potensialı, əhalinin məskunlaşma xüsusiyyətləri və rayonun etnik müxtəlifliyi barədə məlumat verilib.
Təcrübə zamanı tələbələr dünya üzrə dağ yəhudilərinin kompakt şəkildə yaşadığı yeganə məkan sayılan Qırmızı Qəsəbədə olublar. Onlar keçmiş Karhoq sinaqoqunun binasında yaradılmış Dağ Yəhudilərinin Muzeyini ziyarət edərək dağ yəhudilərinə xas olan mərasim və ayinlər, dini bayramlar, tarixi eksponatlar və bu icmanın mədəni-tarixi xüsusiyyətləri, adət-ənənələri ilə yaxından tanış olublar.
Sonra tələbələr Xanəgah marşrutu üzrə Şahdağ Milli Parkına yollanıblar. Onlar füsunkar şəlalə və təbiət kompleksini seyr edərək Böyük Qafqazda nadir rast gəlinən ağac, bitki və heyvan növləri ilə tanış olublar. Tələbələrə Milli Parkın ərazisində "Qırmızı Kitaba" daxil edilmiş növlər barədə də məlumat verilib.
Muzey və Milli Parkda olarkən tələbələrlə müxtəlif müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.