Coğrafiya fakültəsinin tələbələri çöl tədris təcrübəsində olublar
Bakı Dövlət Universiteti (BDU) Coğrafiya fakültəsinin tələbələri Gəncə şəhəri və Göygöl rayonunda çöl tədris təcrübəsində olublar. Fiziki coğrafiya kafedrasının dosenti, k.t.e.n Tahirə Qəhrəmanovanın rəhbərliyi altında tələbələr Kiçik Qafqazın şimal-şərq yamaclarının relyefi, landşaft xüsusiyyətləri, torpaq-bitki örtüyü, heyvanlar aləmi, hidroloji rejimi və çayları ilə yaxından tanış olublar. Onlar həmçinin, Gəncə və Göygöl şəhərlərinin qədim tarixə malik bir sıra yerlərini ziyarət ediblər.
Təcrübənin ilk günü tələbələr Hacıkənd marşrutu üzrə Göygöl Milli Parkına yollanıblar. Orada Göygöl və onun əhatə edən təbiət kompleksi ilə tanış olub, Milli Parkın ərazisində, xüsusi olaraq Göygöl ətrafında, həmişəyaşıl bitkilər haqqında məlumat alıblar. Təcrübənin ikinci günündə tələbələr mənbəsini Kiçik Qafqazdan götürən və Kür çayına tökülən Gəncəçaya yollanıblar. Onlar, çayın hövzəsində ölçmə işləri aparıb, onun ekoloji vəziyyəti ilə tanış olublar. Tədqiqat zamanı yerli əhalinin verdiyi məlumatlar və müşahidələr əsasında Gəncəçayda suyun səviyyəsinin azalma səbələri təhlil olunaraq, ona təsir edən təbii və antropogen amillər müəyyənləşdirilib. Daha sonra tələbələr Gəncə şəhərindəki XVII əsrə aid olan 7 Sütunlu Alban Məbədi və digər qədim tarixə malik yerlərlə tanış olublar. Son olaraq tələbələr Göygöldə Alman Lüteran Kilsəsi, Alman məktəb binası və XIX əsrə aid almanlar tərəfindən tikilmiş evləri ziyarət ediblər.